20 sentyabr… Hər şeydən xəbərsiz, sakit bir gecəyə yatmışdıq. Yuxuma Tovuz döyüşlərinin şəhidi, Milli Qəhrəman İlqar Mirzəyev girmişdi. Onu sağ görürdüm. Yuxuda ürəyim çırpınırdı ki, ailəsinə xəbər verməliyəm, onun sağ olduğunu bilsinlər…
21 sentyabr səhər saat 8 radələrində telefonun zənginə oyandım. Hərbi komissarlıqdan zəng edib, Aslanı çağırdılar. Nə baş verdiyini bilmirdik — ya da o bilirdi, amma mənə bildirmirdi. “Səni işə yola salıb gedərəm” dedi. Lakin səhər yeməyinə əyləşməyə macal tapmamış qapı döyüldü. Arxasınca xəbər göndərmişdilər… Nə sağollaşa, nə görüşə bildik. Ağlıma gəlmədi gedib qayıtmaz deyə. O getdi, mən də hazırlaşıb işə yollandım. Sahil metrosundan çıxanda zəng vurdu: “Təlimə aparırlar, 1 həftəlikdir.” Ayaqlarım titrədi, geri qayıtsam da gedib çatmayacaqdım. Amma yenə də pis heç nə gətirmədim ağlıma. İşə çatanda xəbərlər yayılmağa başladı. Kimsə qardaşının, kimsə dostunun çağırıldığını deyirdi. Amma hələ “müharibə” kəlməsi dillərə gəlmirdi — bəlkə də deyilirdi, sadəcə mənim qulaqlarım eşitmirdi…
Aslan ara-sıra mesaj yazırdı: “Həftə sonuna buraxacaqlar…” Gözləyirdim. Sonra xəbər yolladı ki, telefonları yığırlar. Həftə sonuna çatırdıq… 26 sentyabr zəng vurub “Bizi buraxmırlar, bir az da qalası olduq” dedi. Bakıda olduğunu bilmək mənə yetirdi, narahatlığımı bu təskinliklə susdururdum.
27 sentyabr… Səhər bütün televiziya kanalları müharibənin başlanmasından danışırdı. Ürəyimiz ağzımızda xəbər gözləyərkən Aslan zəng vurdu: “Biz Füzuliyə gedirik. Özünüzə yaxşı baxın, narahat olmayın, imkan olduqca zəng edəcəm.” O dəqiqələr gözümün önündən heç vaxt silinməyəcək. Boğazım düyünlənmiş şəkildə donub qalmışdım. Qayınatam çox sevirəm deyə balıq almışdı, Aslan gələr, birlikdə süfrə açarıq deyə gözləyirdik. Mən isə ən sevdiyim yeməyə baxa-baxa qalmışdım. Çünki tox idim… Xəbər məni doydurmuşdu.
Aslan yol boyu bir neçə dəfə zəng edib bizə ürək-dirək verdi. Orada öz ürəyi üzülən insan burada bizə təsəlli verirdi. Evdə üç nəfər idik: atası, anası və mən. Bir-birimizə sezdirmədən hərəmiz bir küncə çəkilib ağlayır, sonra digərlərinə güclü görünmək üçün dikəlirdik. Günlər çox ağır keçirdi. Saatın sanki tərpənməyə gücü çatmırdı. Nə yeyə, nə içə bilirdik.
4 oktyabrda Cəbrayılın azad olunma xəbəri gəldi. Bütün həyətdə bayram ab-havası var idi, mənsə sanki müharibədən xəbərsizmiş kimi Aslandan zəng gözləyirdim ki, bu şad xəbəri ona özüm verim… Oktyabrın ortalarında zəng vurub “Füzulidən nə xəbər var?” soruşdu. “Heç nə” deyəndə, “Televizoru izlə görəcəksən, biz ordayıq” dedi. 17 oktyabrda dediyi kimi Füzuli şəhəri işğaldan azad edildi. İçimdə uca bir dağ boyda qürur yüksəldi: Aslanın uğuru mənim qürurum idi.
Bir dəfə zəng edəndə nə qədər danışdımsa, məni eşitmədi. Zarafatla “Kar olmusan?” dedim. Sən demə, doğurdan da yanında minamyot partlayıb, eşitmə qabiliyyətini müvəqqəti itirmişdir… Mənsə zəngin sevinci ilə bunu anlaya bilməmişdim, mən sevinclə güləndə, o, yanında partlayan ölümün səssizliyini yaşayırmış…
29 oktyabr Aslanla danışmışdıq, Şuşaya doğru gedəcəklərini demişdi. Oktyabr bitdi noyabr başladı, Aslandan səs gəlmədi. Müharibə şəraitində onsuz da ağzında döyünən ürək üçün günlərlə gəlməyən zəngin böyük bir ağrısı var idi. Noyabrın 3-də atasının telefonuna qısa bir mesaj gəldi: “Yaxşıyam, Narahat olmayın, Şuşaya giririk…” Zəng deyil, niyə mesaj? Bəlkə Aslan deyil? Özümüzü yeyib bitirdik, bir yandan da Aslandan başqa kim yazar deyib təsəlli olduq özümüzə.
8 noyabr… Bizim toy günümüz idi. Tam 1 ilimiz tamam olurdu, lakin Aslan mənlə deyildi. Düşüncələr içində saatları kecirdiyim an, saat 12:00-da cənab Prezident İlham Əliyev Şuşanın azad olunduğunu elan etdi. Sanki bu xəbəri Aslandan özümə ən böyük toy hədiyyəsi kimi qəbul etdim. O mənə güllə səsləri altında, qan və tərlə yazılmış ən böyük Zəfər hədiyyəsini vermişdi. Gözüm telefonda özünün mənə bu xəbəri çatdırmağını gözləyirdim… Nə biləydim ki, o, Şuşaya qalxmaq üçün 36 saat yuxusuz qalıb? Nə biləydim ki, yalın əlləri ilə qayalara dırmanıb, bir qurtum su içmək üçün gecənin düşməyini gözləyib?
Allaha çox dua edirdim onun adından, ağzından. Düşünürdüm Allahdan başqa tapşıracağım kimsə yoxdur. Həmin gecə yuxuda babamla Aslanın nənəsini gördüm (Hər ikisi rəhmətə gedib). İkisi də mələk kimi başımın üstündəki kiçik pəncərədən otağıma daxil oldular və üzümə gülümsədilər. Onların arxasınca milyonlarla kiçik ulduz otağımı işıqlandırmağa başladı… Çox qəribədir müharibənin başlamağından xəbərsiz də yuxu görmüşdüm, bitəcəyindən xəbərsiz də. Aslan məni xəbərsiz qoysa da, Allah məni xəbərsiz qoymurdu.
Noyabrın 10-na keçən gecə saat 03:00-da müharibənin bitdiyi elan olundu. Sevincimdən bir otağın içində bağırmaq bütün evi oyatmaq istəyirdim, amma daha əvvəl iki dəfə atəşkəs pozulduğu üçün ümid verməyə qorxurdum. Dözməyib qapılarını döydüm: “oyanın, müharibə bitdi!” Səhər bütün şəhər qələbəni bayram edirdi, bizim evdə isə sakit bir hüzn var idi. Çünki ən son 3 noyabr mesajında qalmışdıq…
Nəhayət, 12 noyabrda o zəng gəldi. Xoşbəxt idik, səsini eşidirdik! Daha güllə atmırdılar, işğaldan azad etdikləri torpaqlarımızı qoruyur, düşmənlərin ərazini tərk etmələrinə nəzarət edirdilər.
10 dekabr şəhərdə böyük, izdihamlı bir parad. Özü gəlməsə belə uğuru, şərəfi, mərdliyi gəlib çatmışdı.
25 dekabr Aslangil Bakıya qayıtdılar, böyük izdihamla xalq onları qarşıladı. Biz isə evə gələcəyi günü gözləyirdik
Və nəhayət…
31 dekabr… Aslanın evdən çıxdığı 100-cü gün. Gəldi, bizə çatdı, qovuşduq. Evinə geri gələ bilməyən Şəhidlərin ailələrindən üzr istəyirəm bu sevincə görə… Boynumuz Şəhid ailələrinin qarşısında ömürlük bükükdür…
Artıq illər keçir, amma hər il sentyabr gələndə evimizə eyni hüzn çökür. Aslan çiyin-çiyinə döyüşdüyü yoldaşlarının yarıdan çoxunu itirib gəldi. Komandirini, dostlarını gözünün qarşısında Şəhid verdi. Əzizlərinə bir parçası çatsın deyə, parça-parça olmuş cəsədləri öz əlləri ilə topladı… İnsan bundan sonra necə əvvəlki kimi olsun?
Düşünürəm ki, müharibədən heç kim bütöv qayıtmadı. Kimisi cismindən, kimisi ruhundan yarım qaldı…
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Haqqınız ödənməz!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə təltif edilir:
Əmirli Miraslan Əlipaşa oğu- “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə.
