Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.

Yeniera.az xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub.

Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar təqdim edilib.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar açıqlanıb.

DİM-dən bildirilib ki, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Əvvəlcədən məlumat verildiyi kimi, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil – ingilis, alman, fransız, rus, ərəb və fars dilləri üzrə dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə 1 mətndən – publisistik və ya dialoq formalı – və ona aid 4 tapşırıqdan istifadə ediləcək.

Oxuyub-anlama üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi məqsədilə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan istifadə olunacaq. Qrammatika və leksika üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə isə 13 qapalı tipli tapşırıq tətbiq ediləcək.

Yazı bacarıqlarının yoxlanılması məqsədilə verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq tətbiq ediləcək.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili – Azərbaycan dili və rus dili – və riyaziyyat fənlərindən 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında da 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.

Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq proqramda saxlanılmış feilin şəkilləri – xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli və şərt şəkli – mövzusu ilə DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq mümkündür.

Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnindən 7-ci siniflərdə yeni dərslik istifadəyə verilib. Bu dərslik məzmun və terminlərin işlənməsi baxımından əvvəlki nəşrdən tamamilə fərqlidir.

Proqramlarda bu dərsliyin materialları nəzərə alınmayıb, çünki hazırda 9 və 11-ci sinifdə təhsilalanlar həmin dərsliyi keçməyiblər. Ona görə də həmin dərslik ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliyin əvvəlki nəşrinə istinad ediləcək. Həmin materiallarla da DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq olar.

Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklər göstərilib. Ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməyib. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlardan isə orta məktəbdə öyrənilənlərin təkrarı üçün istifadə edilə bilər.

Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.

Exit mobile version