“Rusiya prezidenti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına baxmayaraq, Tacikistandadır”.
Yeniera.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Tacikistandakı Nümayəndəliyindən verilən açıqlamaya görə, Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan dövlət kimi, Nizamnamədə nəzərdə tutulmuş həbs qərarının icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməyib.
“Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinə qarşı beynəlxalq cinayətlərə, xüsusən onun Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsi kontekstində Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası və qeyri-qanuni köçürülməsi ilə bağlı iddia edilən cinayətlərə görə həbs qərarı çıxarıb.
Aİ beynəlxalq hüquq çərçivəsində bütün cinayətlərə, Rusiyanın təcavüzkar müharibəsi nəticəsində törədilmiş insan hüquqlarının pozulmasına və sui-istifadələrə, habelə qurbanların ədalət mühakiməsi, təzminat və təkrarlanmama təminatlarına görə məsuliyyətin təmin edilməsi səylərinə güclü dəstəyini ifadə edir.
Bununla əlaqədar, Aİ Ukraynada Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun apardığı araşdırmaları dəstəkləməyə davam edir və bütün dövlətləri əməkdaşlığa çağırır.
Aİ Beynəlxalq Cinayət Məhkəməsinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini bir daha təsdiqləyir”, -deyə bəyanatda qeyd olunub.
Yeganə

