Ölkənin qabaqcıl əczaçılıq şirkətlərindən olan “Avromed Company” MMC mübarək Ramazan bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Korporativ sosial məsuliyyət prinsiplərini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edən şirkət bu dəfə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edərək uşaqların bayram sevincinə ortaq olub.
Ziyarət çərçivəsində “Avromed Company” MMC mərkəzin sakinləri olan uşaqların sağlamlığının qorunması və gündəlik ehtiyaclarının təmin edilməsi məqsədilə genişmiqyaslı dəstək paketi təqdim edib. Şirkət tərəfindən uşaqların immun sisteminin gücləndirilməsi üçün zəruri olan müxtəlif vitamin kompleksləri, bioloji fəallığa malik qida əlavələri və şəxsi gigiyena vasitələri birliyə təhvil verilib. Bu yardım uşaqların daha sağlam böyüməsinə və sığınacağın zəruri təchizatının yaxşılaşdırılmasına xidmət edir.
Göstərilən qayğı ilə yanaşı, uşaqların asudə vaxtının xoş və səmərəli təşkili də diqqət mərkəzində saxlanılıb. Gün ərzində təşkil olunan müxtəlif interaktiv oyunlar və əyləncəli proqramlar uşaqların bayram əhval-ruhiyyəsini daha da artırıb. Peşəkar yanaşma ilə təşkil edilən bu oyunlar uşaqların həm sosiallaşmasına, həm də özlərini cəmiyyətin dəyərli bir üzvü kimi hiss etmələrinə şərait yaradıb.
“Avromed Company” MMC gələcəkdə də sosial layihələrin həyata keçirilməsini və cəmiyyətin həssas təbəqələrinə yönəlmiş xeyriyyə təşəbbüslərinin davam etdirilməsini planlaşdırır.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir. Avromed müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.
