Bu ilin iyul ayında Azərbaycan avtomobil bazarında ucuzlaşma qeydə alınıb.
Yeniera.az Azərbaycan Qiymətləndiricilər Palatasındana istinadən xəbər verir ki, iyun ayı ilə müqayisədə 900 manat və ya 5 % azalma qeydə alınsa da, AQP avtomobil qiymət indeksinin təhlili bu dəyişikliklərin əsasən bazarın təklif strukturunun yenilənməsi ilə bağlı olduğunu göstərir.
AQP-nin dəyişən struktur üzrə hesablanan indeksi iyulda 98,3, iyunda isə 103,5 səviyyəsində olub. Lakin marka və modellərin bazardakı çəkisi sabit saxlanıldıqda indeks 103,1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103,3 təşkil edib. Bu nəticə real qiymət dəyişməsinin cəmi 0,2-0,4 % intervalında olduğunu göstərir. Beləliklə, iyul ayında avtomobillərin kütləvi ucuzlaşması müşahidə edilməyib.
Təhlilə əsasən, iyulda ümumi təklifdə aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı artıb, bahalı və premium avtomobillərin payı isə azalıb. Məhz bu struktur dəyişikliyi xam median qiyməti aşağı çəkib. Sabit struktur üzrə hesablamalar isə bazarda qiymətlərin əsasən dəyişməz qaldığını göstərir.
AQP-nin iyul ayı üzrə hedonik qiymət modeli 25 mindən artıq müşahidə və bazarda ən aktiv 120 marka-model əsasında qurulub. Model avtomobilin yaşı, yürüşü, marka və modeli, mühərrik göstəriciləri, transmissiyası, ötürücü sistemi, ban növü və texniki vəziyyəti kimi amillərin qiymətə təsirini ayrıca qiymətləndirib. Modelin izahetmə qabiliyyəti 93,3 % təşkil edib.
Hesablamalara görə, avtomobilin qiymətinə ən güclü davamlı təsir edən amil istismar müddətidir. Əlavə hər bir istismar ili avtomobilin bazar qiymətini orta hesabla 6,1 % azaldır. Yürüşün ayrıca təsiri isə daha zəifdir: hər əlavə min kilometr qiyməti orta hesabla 0,0256 % aşağı salır. Bu göstərici 50 min kilometr üçün təxminən 1,27 % təşkil edir.
Transmissiya növü də qiymət fərqinin formalaşmasında rol oynayır. Digər xüsusiyyətləri eyni olan avtomobillərdə mexaniki transmissiya avtomat transmissiya ilə müqayisədə orta hesabla 6,3 % aşağı qiymətləndirilir. Qəza tarixçəsi avtomobilin bazar dəyərinə əhəmiyyətli təsir göstərən digər amildir. İyul ayı üzrə hedonik hesablamalara əsasən, təmir edilmiş qəza tarixçəli avtomobildə qalıq əmtəə dəyəri itkisi təxminən 5,2 %-dir. Təmir olunmamış zədəli avtomobillərdə ümumi bazar zərəri isə təxminən 21 % qiymətləndirilir. Bunun 15,8 %-nin təmir xərci ekvivalenti, 5,2 %-nin isə təmirdən sonra qalan dəyər itkisi olduğu hesablanır.
Məsələn, qəzasız bazar dəyəri 25 min manat olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5,2 min manat ola bilər. Lakin bu rəqəm servis smetası deyil və konkret zərərin müəyyənləşdirilməsi üçün zədələnmiş detallar, ehtiyat hissələri, işçilik və ekspert qiymətləndirməsi nəzərə alınmalıdır. Ümumilikdə, iyul ayında Azərbaycan avtomobil bazarında müşahidə olunan 5 %-lik median azalması real bazar ucuzlaşmasından daha çox təklif strukturunun dəyişməsi ilə izah olunur. Eyni model və buraxılış ili üzrə qiymətlərin cəmi 0,2 %, sabit model çəkiləri üzrə isə 0,4 % azalması bazarda kəskin qiymət enməsinin olmadığını təsdiqləyir. Xatırladaq ki, AQP hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.///Ajans.az
