Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək.
Yeniera.az xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.
Bildirilir ki, qərar bazarda tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi siyasəti çərçivəsində qəbul olunub.
Yeni qaydaların minlərlə abunəçiyə təsir göstərəcəyi gözlənilir. Eyni zamanda, operatorlar yenilənmiş tarif paketləri çərçivəsində istifadəçilərə əlavə xidmətlər və ya daha yüksək internet sürəti təklif edə bilərlər.
Hazırda provayderlər müştərilərini qarşıdakı dəyişikliklərlə bağlı mərhələli şəkildə məlumatlandırırlar. Yeni tariflərin parametrləri və təfərrüatları barədə əlavə məlumatın operatorlar tərəfindən yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bazarda fəaliyyət göstərən bəzi alternativ provayderlərdə hələ də aylıq ödənişi 18 manat və ya daha aşağı olan sabit fiber-optik və ya ADSL internet tarifləri mövcuddur\\milli.az
