Çində 23 yaşlı gənc qeyri-adi işi sayəsində cəmi bir ay ərzində 8900 dollar qazanıb.
Yeniera.az xəbər verir ki, Henan əyalətində yerləşən məşhur Laocünşan dağında “bulud müşahidəçisi” vakansiyası açılıb.
İşin şərtlərinə əsasən, seçilən şəxs iyulun 16-dan avqustun 15-dək dağın zirvəsində yaşamalı, hər gün buludları və mənzərəni lentə alaraq video materiallar təqdim etməli idi. Bir aylıq əməkhaqqı 60 min yuan – təxminən 8900 dollar müəyyənləşdirilib.
Vakansiya böyük marağa səbəb olub. Cəmi bir həftə ərzində iş üçün 3500 nəfər müraciət edib. Onların arasından 23 yaşlı Li Siçen seçilib.
Gənc hər gün səhər saat 5-də oyanaraq gün doğandan gün batana qədər buludları və dağ mənzərələrini çəkib. Bu müddətdə o, videomontaj, rəng korreksiyası və dron idarəçiliyini də öyrənib. Havanın əlverişsiz olduğu günlərdə isə çəkiliş aparılmayıb.
Li çəkdiyi görüntüləri sosial şəbəkələrdə də paylaşaraq qısa müddətdə 6 min izləyici toplayıb. Buna baxmayaraq, özünü bloqer hesab etmir və gələcəkdə daimi iş tapmaq, sosial şəbəkələri isə hobbi kimi davam etdirmək niyyətindədir.
Dağ administrasiyası gələcəkdə bu iş üçün yenidən seçim keçirilə biləcəyini istisna etmir. Bildirilir ki, Laocünşanda daimi videooperatorlar çalışsa da, yeni insanların fərqli baxışı ərazini başqa rakurslardan təqdim etməyə imkan verir.
Laocünşan Çinin əsas daoizm ziyarətgahlarından biri hesab olunur və onun tarixi iki min ildən artıqdır. Rəvayətə görə, eramızdan əvvəl VI əsrdə filosof Lao-tszı burada düşüncələrə dalıb.
Musavat.com
