Təbii yemlə bəslənən inəklərin südündən hazırladığı məhsullarla tanınan ABŞ şirkəti Vital Farms kərə yağı istehsalını tamamilə dayandırmaq qərarına gəlib. Şirkət duzlu və duzsuz kərə yağı məhsullarının istehsalını 2026-cı ilin sonuna qədər dayandıracağını açıqlayıb.
Yeniera.az xəbər verir ki, Vital Farms qərarı rəsmi sosial media hesabında açıqlayıb. Şirkət “kərə yağı səhifəmizi bağlayırıq” ifadəsindən istifadə edərək bunun çətin qəbul edilən qərar olduğunu bildirib.
Şirkət rəhbərliyi insanlara, heyvanlara və planetə daha böyük fayda verə biləcək əsas fəaliyyət sahələrinə diqqəti artırmaq istədiklərini qeyd edib.
Şirkətin açıqlamasına görə, kərə yağı istehsalını uzunmüddətli və maliyyə baxımından dayanıqlı şəkildə davam etdirmək çətinləşib. Bu səbəbdən məhsulun istehsalından tamamilə imtina etmək qərarı verilib.
Vital Farms müntəzəm olaraq bu məhsulu alan müştərilərin qərardan məyus ola biləcəyini də qəbul edib.
Şirkət kərə yağının istehsalını 2026-cı ilin sonunda tamamilə dayandıracaq. Buna görə məhsulların ilin sonuna qədər mağazaların rəflərində qalacağı bildirilib.
Qərar istehlakçılar arasında da narazılığa səbəb olub. Bəzi müştərilər ABŞ bazarında Fransa standartlarına ən yaxın kərə yağlarından birini itirdiklərini bildirərək şirkətin qərarına etiraz ediblər./musavat
