ABŞ Prezidenti Donald Tramp 2026-cı il FIFA Dünya Çempionatının final matçında qalib komandaya kuboku təqdim edəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu FIFA Prezidenti Canni İnfantino “Fox & Friends” proqramında bildirib.
O qeyd edib ki, iyulun 19-da Nyu-Cersidə keçiriləcək final qarşılaşmasını Trampla birlikdə izləyəcək və qalib komandaya kuboku birlikdə təqdim edəcəklər.
“Finalı Prezidentlə birlikdə izləyəcəyik və əlbəttə ki, kuboku qalib komandaya birlikdə təqdim edəcəyik”, – deyə FIFA prezidenti bildirib.
Qeyd edək ki, Donald Tramp və Canni İnfantino son illər yaxın münasibətləri ilə diqqət çəkirlər. Ötən il Vaşinqtonda keçirilən DÇ-nin püşkatma mərasimində İnfantino Trampa FIFA-nın təsis etdiyi Sülh Mükafatını təqdim etmişdi.
Trampın final mərasimində iştirakı ötən il keçirilən Klublararası Dünya Çempionatının finalını da yenidən gündəmə gətirib. Həmin vaxt Nyu-Cersidə keçirilən həlledici oyunda “Çelsi” PSJ-ni məğlub edərək çempion olmuş, Tramp kuboku komandanın kapitanı Ris Ceymsə təqdim etdikdən sonra səhnəni tərk etməyərək, futbolçuların çempionluq sevincinə qoşulmuşdu.
Həmin görüntülər sosial şəbəkələrdə geniş yayılmış və “Çelsi” futbolçularının təəccüblü reaksiyası müzakirələrə səbəb olmuşdu.
