Prezident İlham Əliyev “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.
Yeniera.az Fərmanın mətnini təqdim edir:
1. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Müəyyən edilsin ki:
2.1. “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət və onun idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
2.2. Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir;
2.3. Cəmiyyət “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin (bundan sonra – İdarə) hüquqi varisidir və onun hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 2.4-cü bəndi nəzərə alınmaqla) Cəmiyyətə keçir;
2.4. İdarənin Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi və saxlanılması ilə bağlı hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə keçir;
2.5. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
2.6. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti həyata keçirir;
2.7. Cəmiyyətin nizamnamə kapitalı bu Fərmanın 2.3-cü bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır;
2.8. Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək İdarə fəaliyyətini davam etdirir.
3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
3.1.2. Cəmiyyətin idarəetmə orqanlarının yaradılması;
3.1.3. Cəmiyyətin Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.1.4. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.2.1. Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsi;
3.3. Müşahidə Şurasına:
3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
4.1.1. bu Fərmanın 1-ci hissəsi və 2.2-ci bəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
4.1.2. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi;
4.2. aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
4.2.1. Cəmiyyətin nizamnaməsini;
4.2.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bu Fərmanın 2.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən nəzarət olunan ərazinin hüdudlarını və həmin ərazidə yerləşən obyektlərin siyahısını;
4.3. bu Fərmanın 2.4-cü bəndinə uyğun olaraq, Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilməsini iki ay müddətində təmin etsin;
4.4. Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində İdarənin balansında olan əmlakın (bu Fərmanın 2.4-cü bəndi nəzərə alınmaqla) Cəmiyyətin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
