“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Məhdudiyyətin təxminən 10-11 ay davam edəcəyi bildirilir.

Hazırda Dərnəgül istiqamətində yerləşən stansiyalarda sərnişin sıxlığının azaldığı müşahidə olunur. Belə ki, əvvəlki günlərlə müqayisədə stansiyalarda sərnişin sayının az olduğu, qatarların isə bəzi vaxtlarda yarıboş hərəkət etdiyi görünür. Sərnişinlərin bir hissəsinin alternativ nəqliyyata yönəlməsi metropolitenin gəlirlərinə münkün təsiri ilə bağlı sual yaradır.

Sərnişin axınının azalması Metropoliten üçün ciddi zərərlə nəticələnə bilərmi?

İqtisadçı Emin Qəribli bildirdi ki, bütün bunlar Bakıda yol infrastrukturunun təkmilləşdirilməsinə yönəlib:

“İtkilər, müəyyən azalmalar təbii ki, ola bilər. Lakin məndə olan məlumata görə, metropolitenə dövlət tərəfindən müəyyən yardımlar göstərilir. Tam özünü təmin etmir. Bu baxımdan, prinsip etibarilə, 10-11 ay gəlirlər azala da bilər, ancaq bu, ümumi yol infrastrukturu sisteminin artımına görə edilir və çox güman ki, gələcəkdə yeni infrastruktur yarandıqdan sonra daha təkmil formada çalışacaqlar”.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirdi ki, “28 May”–“Nizami” istiqamətində hərəkətin uzun müddətə dayandırılması Bakı Metropoliteninin sərnişin gəlirlərinə müəyyən qədər mənfi təsir göstərə bilər:

“Xüsusilə Dərnəgül istiqamətində sərnişin axını həqiqətən azalırsa, bu, ödənişli səfərlərin sayının azalması və nəticədə metropolitenin sərnişindaşımadan əldə etdiyi gəlirin aşağı düşməsi deməkdir. Amma itkinin miqyasını yalnız sərnişin sayının əvvəlki dövrlə müqayisəsi əsasında dəqiq hesablamaq mümkündür”.

İqtisadçı qeyd edib ki, əsas məsələ sərnişinlərin metrodan tamamilə imtina edib-etməməsidir:

“Bir qisim sərnişin alternativ metro marşrutlarından istifadə edəcək, bir qisim avtobus və digər nəqliyyat vasitələrinə keçəcək. Yəni sərnişinlərin hamısının itirilməsi baş verməyəcək. Buna görə də metropolitenin gəlirlərində azalma olsa belə, bunun avtomatik olaraq böyük maliyyə zərəri yaradacağını demək düzgün olmaz.
Digər tərəfdən, 10-11 ay kifayət qədər uzun müddətdir və bu müddətdə sərnişinlərin yeni marşrutlara alışması mümkündür. Əgər sərnişinlərin əhəmiyyətli hissəsi avtobus və şəxsi nəqliyyata keçərsə, sonradan həmin sərnişinləri yenidən metroya qaytarmaq çətinləşə bilər. Bu halda gəlir itkisi daha uzunmüddətli xarakter ala bilər”.

A.Nəsirli vurğuladı ki, Bakı Metropoliteninin xərclərinin hamısı sərnişin sayından asılı deyil.Onun sözlərinə görə, qatarların, stansiyaların, infrastrukturun saxlanılması kimi xərclər böyük ölçüdə sabit qalır:

“Buna görə sərnişin sayının, məsələn, 10 faiz azalması metropolitenin ümumi maliyyə vəziyyətinin də eyni 10 faiz pisləşməsi demək deyil. Əsas risk sərnişin axınının kəskin və davamlı şəkildə azalmasıdır.

Məncə, bu mərhələdə daha doğru yanaşma bunu ciddi zərərdən çox, müvəqqəti gəlir itkisi kimi qiymətləndirməkdir. Təmir işləri başa çatdıqdan sonra “28 May”–“Nizami” əlaqəsinin bərpası ilə sərnişin axınının böyük hissəsi də geri qayıda bilər. Amma bu müddət ərzində alternativ marşrutların düzgün təşkil olunmaması və sərnişinlərin metrodan uzaqlaşması halında maliyyə itkisi gözləniləndən daha böyük ola bilər”.///Bakupost.az

Exit mobile version