Azərbaycanda xərçəng xəstələrinə ömürlük pensiya təyin olunması məsələsi zaman-zaman ictimai müzakirələrə səbəb olur. Xüsusilə ağır onkoloji xəstəlikdən əziyyət çəkən şəxslər üçün sosial təminatın necə həyata keçirilməsi və hansı hallarda müddətsiz əlillik təyin olunması vətəndaşları maraqlandıran əsas mövzulardandır. Bəs xərçəng xəstələrinə ömürlük pensiya verilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Etibar Qarayev bildirib ki, bu məsələ xəstəliyin ağırlıq dərəcəsindən və şəxsin sağalma ehtimalından asılıdır:
“Xəstəliyin dərəcəsindən asılı olaraq ömürlük ola bilər. Sağalan deyilsə, o halda təyin olunur. Tibbi Ekspertiza Mərkəzinə müraciət edilməlidir.
Şəxsin əmək qabiliyyətini tam və ya uzunmüddətli itirməsi tibbi sənədlərlə təsdiqləndiyi halda ona əlillik statusu verilə bilər. Əgər xəstəlik geri dönməz hesab olunursa və sağalma perspektivi yoxdursa, bu zaman müddətsiz — yəni ömürlük əlillik və buna uyğun pensiya təyin edilməsi mümkündür”.
Qeyd edək ki, belə hallarda yekun qərar aidiyyəti tibbi-sosial ekspert komissiyasının rəyi əsasında verilir. Bunun üçün vətəndaş ilk növbədə Tibbi-Sosial Ekspertizao və Reabilitasiya Agentliyinə müraciət etməlidir.
