“Ferrari” və “Lamborghini” kimi superkarlarla patrul xidməti ilə məşhurlaşan Dubay polisi avtomobil parkına yeni nəsil “ağıllı” polis maşını əlavə edir.
Yeniera.az xəbər verir ki, polis bu dəfə Çin istehsalı olan BYD Denza B8 hibrid yolsuzluq avtomobilini seçib. Polis üçün xüsusi hazırlanan avtomobil “Ghiath” adlandırılıb. Ərəb dilindən tərcümədə bu söz “xilasedici” mənasını verir.
Yeni polis avtomobili benzin mühərriki və elektrik mühərriklərini birləşdirən hibrid sistemlə təchiz olunub və ümumi gücü 603 at gücünə çatır.
“Ghiath” süni intellekt əsasında işləyən videomüşahidə sistemləri, qorunan rabitə vasitələri və polis əməkdaşlarının işini asanlaşdıran müxtəlif ağıllı texnologiyalarla təchiz edilib.
Avtomobilin tam doldurulmuş batareyası və dolu yanacaq çəni ilə ümumi yürüş ehtiyatı 1030 kilometrdən çoxdur. Şəhər daxilində isə avtomobil yalnız elektrik enerjisi ilə hərəkət edə bilir.
Dubay polisi BƏƏ-də BYD avtomobillərinin eksklüziv distribütoru olan “Al-Futtaim” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Ghiath” avtomobillərinin sayını artırmağı və bu “ağıllı” polis avtomobilləri parkını genişləndirməyi planlaşdırır.
Musavat.com
