Azərbaycanda yaşayış komplekslərində komendant pulu ilə bağlı narazılıqlar zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə, kiçik sahəli mənzillərin sahibləri hesab edirlər ki, onların ödədiyi xidmət haqları mənzilin ölçüsünə uyğun şəkildə yenidən nəzərdən keçirilməli və müəyyən güzəştlər tətbiq olunmalıdır.

Bəs kiçik kvadratlı mənzillər üçün komendant pulunun ləğvi və ya güzəştlərin verilməsi mümkündürmü?

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, kiçik sahəli mənzillərin komendant ödənişindən azad olunması və ya onlara xüsusi güzəşt verilməsi məqsədəuyğun hesab edilmir.

Onun sözlərinə görə, əslində daha çox yük böyük sahəli mənzil sahiblərinin üzərinə düşür:

“Kiçik sahənin olması hər hansı güzəştin tətbiqi üçün əsas deyil. Əksinə, xidmət haqqının hesablanması zamanı daha çox çətinliklə üzləşənlər böyük sahəli mənzil sahibləridir. Elə şəxslər var ki, onların mənzillərinin sahəsi 200-250 kvadratmetr, bəzi hallarda isə terraslarla birlikdə 300-400 kvadratmetrə qədər çatır. Terras istifadə olunan yaşayış sahəsi olmasa da, çıxarışda qeyd edildiyi üçün həmin hissəyə görə də tam xidmət haqqı hesablanır. Bu baxımdan daha çox onlar əlavə xərc yükü ilə qarşılaşırlar”.

Ekspert qeyd edib ki, kiçik mənzillər üzrə aylıq komendant ödənişləri adətən yüksək olmur:

“Şərti olaraq kiçik sahəli mənzilin aylıq idarəetmə xərci 20 manat civarındadır. Daha bahalı yaşayış komplekslərində bu rəqəm 25-30 manata çata bilər. Buna görə də kiçik mənzil sahibləri bu ödənişlərdən ciddi şəkildə əziyyət çəkmirlər. Əsas maliyyə yükü böyük sahəli mənzillərin üzərində qalır”.

Elnur Azadovun fikrincə, gələcəkdə hər hansı güzəşt mexanizmi nəzərdən keçirilərsə, bunun kiçik sahəli mənzillərdən daha çox böyük sahəyə malik və istifadəsiz terras hissələri olan mənzillərə şamil edilməsi daha ədalətli yanaşmadır.

Exit mobile version