Elektrikli avtomobillərin sayının artması yol infrastrukturunun dayanıqlılığı ilə bağlı müəyyən narahatlıqlar yaradır. Batareyaların çəkisi səbəbindən bu avtomobillərin bir çoxunun adi nəqliyyat vasitələrindən daha ağır olduğu bildirilir. Xüsusilə iri ölçülü elektrik avtomobillərinin və yüksək tutumlu batareyalara malik modellərin asfalt örtüyünə daha çox təzyiq göstərə biləcəyi qeyd olunur.
Elektrikli avtomobillərin ağır çəkisi yolların vəziyyətinə və asfalt örtüyünün ömrünə necə təsir edə bilər?
Avtomobil eksperti Elçin Abbasov Demokrat.az-a açıqlamasında söyləyib ki, elektrikli avtomobillərin batareyalarına görə eyni sinifdə olan daxiliyanma mühərrikli avtomobillərdən daha ağır olması doğrudur:
“Xüsusilə böyük batareyaya malik SUV və premium elektrik avtomobillərində əlavə çəki bir neçə yüz kiloqrama çata bilər. Lakin burada vacib bir məqam var. Avtomobilin ümumi çəkisi birbaşa olaraq asfaltın eyni nisbətdə daha tez sıradan çıxması demək deyil. Yol örtüyünə təsir əsasən hər oxa və təkərə düşən yükdən, təkərlərin ölçüsündən, təzyiqindən, yolun konstruksiyasından və asfaltın keyfiyyətindən asılıdır. Elektrikli minik avtomobillərinin çəkisinin artması asfaltın aşınmasına müəyyən qədər əlavə təsir göstərə bilər. Xüsusilə isti havalarda, zəif və ya artıq deformasiyaya uğramış asfalt örtüyündə ağır avtomobillər təkər izlərinin yaranmasını və örtüyün deformasiyasını sürətləndirə bilər. Bu məsələ Bakının isti yay şəraitində də nəzərə alınmalıdır”.
Mütəxəssis bildirib ki, bununla belə, yol örtüyünün əsas yükünü minik avtomobilləri deyil, ağır yük avtomobilləri və avtobuslar yaradır:
“Bir yük avtomobilinin oxuna düşən yük adi elektrik minik avtomobilinin ox yükündən dəfələrlə böyükdür və asfaltın yorulmasına təsiri də müqayisəolunmaz dərəcədə yüksəkdir. Ona görə də elektrik avtomobillərinin sayının artmasını yollar üçün ciddi təhlükə kimi təqdim etmək düzgün olmazdı. Ancaq avtomobil parkında orta çəkinin tədricən artması yol layihələndirilməsində, asfaltın keyfiyyətinin seçilməsində və xüsusilə şəhər yollarının uzunmüddətli istismar planlarında nəzərə alınmalı amillərdən biridir.
Qısaca desək, elektrik avtomobilləri daha ağırdır və bu, asfalt örtüyünə müəyyən əlavə yük yaradır, amma yolların aşınmasında əsas problem yenə də ağır yük nəqliyyatı, yolun ilkin konstruksiyası, asfaltın keyfiyyəti və iqlim şəraitidir”.
