“Son bir neçə il ərzində Azərbaycanda əhalinin təbii artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda yüz altmış mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici yüz minin altında olub”.
YENİERA.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci vitse-spiker Əli Əhmədov deyib.
Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdı. Millət vəkili qeyd edib ki, əgər bu temp davam etsə, bir neçə ildən sonra məktəblərdə oxuyanların sayı təxminən bir milyon olacaq. Ə.Əhmədovun fikrincə, bu vəziyyət əlli minə yaxın müəllimin ixtisarı riskini yaradır:
“Bir neçə on ildən sonra isə yəqin ki, pensiyada olan əhali ilə işləmək qabiliyyətində olan əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcək. Bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər. Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılacaq”.
