Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri, tanınmış jurnalist Elnur Hidayətoğlu vəzifəsindən istefa verib.

Yeniera.az xəbər verir ki, bu barədə o, özü paylaşım edib.

“Hörmətli media nümayəndələri, əziz dostlar!

Bu gündən etibarən öz təşəbbüsümlə TƏBİB-dəki işimdən ayrılıram.

5 ildən artıqdır ki, tibb sahəsində PR rəhbəri kimi çalışırdım. 2021-ci ildən Kliniki Tibbi Mərkəzdə İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, 2022-ci ildən Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri və 2023-cü ilin dekabr ayından isə TƏBİB-də İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərirdim. Ölkənin ən böyük dövlət xəstəxanalarının birində işləməklə xəstəxana sistemini, BBSM-də işləməklə poliklinika, yəni ilkin səhiyyə xidmətini yaxından öyrəndim. TƏBİB aparatında işləmək isə mənə səhiyyənin idarə olunması sahəsində təcrübə qazandırdı.

Bu müddətdə heç vaxt unutmadığım bir məqamı xüsusi vurğulamaq istərdim. Harada olmağımdan asılı olmayaraq, hər zaman media ilə yaxşı münasibət qurmağa, onlar üçün əlçatan mətbuat xidməti olmağa və PR sahəsində fərqlənməyə çalışdım. Təkcə TƏBİB-də son 3 ilə yaxın müddətdə çoxsaylı PR layihələrinin ideya müəllifi və rəhbəri oldum. Komandamızla elə layihələr hazırladıq ki, sosial şəbəkələrdə, televiziya və onlayn mediada dəfələrlə gündəmə çevrildi, sevildi və alqışlandı!

Bu işin ən önəmli tərəfi, sözsüz ki, media ilə münasibətlərdir. Bu baxımdan inanmaq istərdim ki, media nümayəndələri də məndən razı qaldılar. Çünki heç vaxt özümü onlardan fərqli hesab etmədim, münasibətim heç bir vəzifədə, heç bir mərhələdə dəyişmədi.
Açığı, qarşılığında onlar da mənə hər zaman hörmətlə yanaşdılar, əməkdaşlığımıza dəyər verdilər. Bəzən elə məqamlar oldu ki, güzəşt etdilər, səbirsiz davranmadılar, müəyyən məqamları anlayışla qarşıladılar. Buna görə hər birinə təşəkkür edirəm!

İnsana qalan elə budur: yaxşı münasibət, qarşılıqlı hörmət, xoş sözlər!

Sağlıqla qalın!”, – deyə o qeyd edib.

Exit mobile version