Məlum olduğu kimi, paytaxtın Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb.
Yeniera.az xəbər verir ki, sakin Səbuhi Məmmədov ATV-yə bildirib ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub.
“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı. Baxdım ki, evin altı yoxdur. Bir tərəfdən su axır, bir tərəfdən də kollektor partlayıb. Evin bələdiyyə sənədi var, qeydiyyat ünvanımız buradır. Evi alanda heç kim bizə kollektorun üzərində inşa olunduğunu deməmişdi. Burada 2 ildən çoxdur ki, sızmalar olur”, – S.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, hazırda kompensasiya ilə bağlı danışıqlar gedir: “Ola bilsin ki, qonşular da köçürüldü. Ondan sonra ümumi məlumat veriləcək”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı bildirib ki, kommunikasiya xətlərinin ətrafında və üzərində inşa olunmuş yaşayış evlərinin söküntüsü zamanı həmin yaşayış evində vətəndaşın uzunmüddətli qeydiyyatı və digər kommunikasiyalardan istifadəsi varsa, bu zaman onun istifadə hüququ formalaşır və söküntü zamanı həmin əmlak qiymətləndirilərək mənzil sahiblərinə kompensasiyalar ödənilir.
Daha ətraflı videomaterialda:
