Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sentyabrın 25-də imzaladığı sərəncamla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İbiş oğlu İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib.

Yeniera.az xəbər verir ki, o, Milli Məclisin deputatı İmamverdi İsmayılovun qardaşıdır.

A.İsmayılov Zəngilan rayonunun Vənədli kəndində anadan olub.

O, uzun illərdir xüsusi rabitə və informasiya təhlükəsizliyi sahəsində işləyir.

A.İsmayılov Azərbaycan Texniki Universitetinin məzunudur. 2025-ci ildə universitetin 75 illik yubileyi ilə bağlı keçirilən tədbirdə adıçəkilən ali məktəbin fəxri məzunu olduğu bildirilib.

Onun karyerasında mühüm mərhələlərdən biri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına rəhbərlik etdiyi dövr olub. 2021-ci ildə o, Akademiyanın rəisi, general-mayor vəzifəsində fəaliyyət göstərib.

2016-cı ildə dövlət orqanlarında rabitə sahəsində xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

2023-cü ildən isə A.İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini kimi fəaliyyət göstərir. Bu vəzifədə informasiya və kibertəhlükəsizlik, dövlət informasiya sistemlərinin qorunması ilə bağlı müxtəlif tədbirlərdə iştirak edib.

2024-cü il aprelin 24-də Prezident İlham Əliyevin sərəncamı ilə A.İsmayılov Azərbaycanın informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

A.İsmayılov son illərdə süni intellekt, kibertəhlükəsizlik və informasiya resurslarının qorunması ilə bağlı tədbirlərdə də çıxış edib.

Exit mobile version