Son günlər may ayı üçün xarakterik hesab olunmayan hava şəraiti müşahidə olunur.
Adətən bu dövrdə daha sabit və mülayim temperatur gözlənilsə də, sərin, soyuq və yağıntılı havaların üstünlük təşkil etməsi iqlimdə baş verən dəyişikliklərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Xalq arasında isə belə bir fikir formalaşıb ki, bu cür hava şəraitindən sonra temperaturun qəfil və kəskin şəkildə yüksəlməsi ehtimalı artır. Bəs sərin, soyuq və yağıntılı havaların ardından temperatur həqiqətən kəskin şəkildə artacaqmı? Bu cür dəyişikliklər hansı meteoroloji amillərlə bağlıdır və yaxın günlər üçün hava proqnozları nə vəd edir?
Mövzu ilə bağlı meteroloq Cavid Hüseynov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanda may ayı adətən mülayim keçsə də, bu ilin ilk ongünlüyü sərin və yağıntılı müşahidə olunur:
“Lakin meteoroloji proqnozlar və son illərin iqlim tendensiyaları göstərir ki, bu “aldadıcı sərinlik” tezliklə kəskin istilərlə əvəz olunacaq. Aprel ayının sonundan etibarən bölgəyə daxil olan rütubətli və soyuq hava kütlələri temperaturu iqlim normasından bir neçə dərəcə aşağı salsa da, bu vəziyyət müvəqqətidir”.
Meteroloq qeyd edib ki, sinoptik təhlillərə əsasən, mayın ikinci ongünlüyündən başlayaraq atmosfer cərəyanlarının istiqamətini dəyişəcəyi ehtimal edilir:
“Cənubdan gələn tropik hava kütlələrinin təsiri ilə temperaturun qəfil 10-15 dərəcə yüksəlməsi gözlənilir. Bu cür kəskin keçid eyni zamanda atmosferdə qeyri-sabitlik yaradaraq güclü külək, dolu və qısamüddətli leysan yağışların ehtimalını artırır. Torpağın sürətlə qızması və buxarlanmanın artması bitkilərin suvarma ehtiyacını kəskinləşdirə, havanın temperaturunun qəfil yüksəlməsi meteohəssas insanlar və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün əlavə fiziki gərginlik yarada bilər”.
