Birləşmiş Millətlər Təşkilatının BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılsa da, qəbul edilməyib.

Yeniera.az xəbər verir ki, layihəyə Rusiya və Çin tərəfindən veto qoyulub.

Bildirilib ki, sənəd Şuraya hazırkı sədr ölkə olan Bəhreyn tərəfindən təqdim olunub. Qətnamənin lehinə 11 ölkə səs versə də, Kolumbiya və Pakistan bitərəf qalıb. Daimi üzvlər olan Rusiya və Çin isə veto hüququndan istifadə edərək, layihənin qəbuluna mane olub.

Qətnamə layihəsi regionda gəmiçiliyin qarşısını almaq və ya ona mane olmaq cəhdlərinə qarşı çəkindirici tədbirlərin görülməsini nəzərdə tuturdu. Bəhreyn və Körfəz ölkələri sənəd vasitəsilə zərurət yaranacağı təqdirdə boğazın açılması üçün güc tətbiqinə beynəlxalq hüquqi əsas yaratmağa çalışırdı.

Vetodan sonra Bəhreynin xarici işlər naziri İranın Hörmüz boğazını bağlamaq hüququnun olmadığını bildirib.

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq isə qətnaməni “balanssız və qərəzli” adlandıraraq, sənədin problemin əsas səbəblərini həll etmədiyini və yalnız İranı günahlandırdığını deyib. O, həmçinin ABŞ və İran arasında davam edən atəşkəs danışıqları fonunda belə bir sənədin qəbul edilməsinin “təhlükəli” olacağını vurğulayıb.

Exit mobile version