ATV kanalının sabiq prezidenti, hazırda həbsdə olan Tağı İbrahimova məxsus olduğu bildirilən “Bakı Ağac Emalı” ASC-nin dövlət büdcəsinə 316 min 96 manat 75 qəpik vergi borcu yaranıb.
Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 679 min 574 manat olan ASC-nin qanuni təmsilçisi İbrahimov Nəriman Həsən oğludur.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib. Bir ildən çox davam edən istintaqdan sonra “Bakı Ağac Emalı” ASC-nin faktiki sahibi olan Tağı İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Tağı İbrahimov tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin və Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.
Onu da qeyd edək ki, Tağı İbrahimovun başqa bir qardaşı Sahib İbrahimov da 2022-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub və ona 6 il 9 ay azadlıqdan məhrum edilmə cəzası verilib.
Uzun illər Hacı İbrahim Nehrəmlinin (İbrahimov İbrahim Hüseyn oğlu) rəhbərlik etdiyi “Avesta Konserni” MMC-nin (VÖEN – 0200020201) isə hazırda dövlət büdcəsinə böyük həcmdə – 774 min 794 manat 96 qəpik vergi borcu var. 1996-cı ildən fəaliyyət göstərən “Avesta Konserni” şirkətinin hazırda qanuni təmsilçisi Nadirov Araz Ələsgər oğludur.
“Avesta Konserni” MMC ilə eyni ünvanda – Nərimanov rayonu, Teymur Əliyev, ev. Məhəllə 1104-də yerləşən və faktiki sahibi olan Sahib İbrahimov olan “Sahil-D Kompani” MMC-nin (VÖEN – 1300006451) isə dövlət büdcəsinə 11 min 112 manat 46 qəpik vergi borcu var.
