“Apple” “iPhone” istifadəçiləri üçün yeniləmə üzərində çalışır – şirkətin hazırda daxili test mərhələsində olan iOS 26.5.1 versiyasını yaxın günlərdə istifadəyə verməsi gözlənilir.
Yeniləmənin əsas məqsədi sistemdə aşkarlanan xətaları aradan qaldırmaq və təhlükəsizlik səviyyəsini gücləndirməkdir.
Yeniera.az xəbər verir ki, WWDC 2026 tədbiri ərəfəsində “Apple”ın iOS 26.5.1 versiyası üzərində aktiv şəkildə işlədiyi məlum olub. Şirkətin veb saytına daxil olan istifadəçilərin qeydlərinin təhlili nəticəsində yeniləmənin artıq daxili sınaq mərhələsində olduğu müəyyən edilib. Məlumata əsasən, ABŞ-dəki tətil günləri səbəbindən yeni versiyanın gələn həftənin sonu və ya növbəti həftənin əvvəlində istifadəçilərə təqdim olunacağı ehtimal edilir.
Qeyd edək ki, bu cür aralıq yeniləmələr adətən kritik sistem xətalarının aradan qaldırılması və təhlükəsizlik boşluqlarının bağlanması məqsədi daşıyır. Mütəxəssislərin fikrincə, iOS 26.5.1 yeniləməsi yalnız xəta düzəlişləri ilə məhdudlaşmaya bilər. Yeni versiyanın WWDC tədbirində təqdim olunacağı gözlənilən potensial aparat yenilikləri ilə uyğunluq baxımından da əhəmiyyətli rol oynayacağı bildirilir.
