ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli olduğu iddia edilən 35 qurum və şəxsi yeni sanksiya siyahısına əlavə edib.

Yeniera.az qurumun açıqlamasına istinadən xəbər verir ki, bu addım İranın “kölgə bankçılığı” sistemini hədəf alır.

Eyni zamanda, ABŞ tərəfi İranla əlaqəli olduğu iddia edilən təxminən 344 milyon dollarlıq kriptovalyuta aktivlərini də dondurduğunu açıqlayıb. Sanksiyalar “İqtisadi Qəzəb Əməliyyatı” çərçivəsində həyata keçirilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, siyahıya daxil edilən qurum və şəxslər İranın beynəlxalq maliyyə sistemindən sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə bank” şəbəkəsini idarə edir.

Bildirilir ki, bu mexanizm vasitəsilə on milyardlarla dollar həcmində əməliyyatlar həyata keçirilir və vəsaitlər müxtəlif kanallarla ötürülür.

ABŞ tərəfi iddia edir ki, həmin şəbəkə İslam İnqilabı Keşikçiləri Korpusu da daxil olmaqla, İran silahlı qüvvələrinə maliyyə axını təmin edir. Bildirilir ki, bu vəsaitlər neft satışları, silah komponentlərinin alınması və regiondakı müxtəlif qruplara transferlər üçün istifadə olunur.

Maliyyə naziri Skott Bessent bildirib ki, İranın maliyyə şəbəkəsi regionda qeyri-sabitliyi artıran fəaliyyətləri dəstəkləyir: “İranın “kölgə bank” sistemi onun silahlı qüvvələri üçün həyati maliyyə mənbəyidir və qlobal ticarəti pozan fəaliyyətlərə imkan yaradır. Bu şəbəkə vasitəsilə ötürülən vəsaitlər ABŞ personalı, müttəfiqlərimiz və qlobal iqtisadiyyat üçün birbaşa təhlükədir”.

Nazir həmçinin maliyyə qurumlarını bu şəbəkələrlə hər hansı əlaqədən çəkinməyə çağırıb və mümkün nəticələr barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi daha əvvəl də İranla əlaqəli olduğu iddia edilən yüz milyonlarla dollarlıq kriptovalyuta aktivlərinin dondurulduğunu açıqlamışdı.

Exit mobile version