Litvada səfərbərlik zamanı ölkənin həyati vacib sahələrinin fəaliyyətini təmin etmək üçün təxminən 100 min nəfərlik mülki ehtiyat yaradılması planlaşdırılır.
Yeniera.az xəbər verir ki, bu barədə Milli Böhranların İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bildirib.
Ehtiyata həkimlər, mühəndislər, İT mütəxəssisləri, energetiklər, logistlər, polis əməkdaşları, dövlət və bələdiyyə qulluqçuları daxil ediləcək. Səfərbərlik zamanı bu şəxslər iş yerlərində qalaraq səhiyyə, energetika, rabitə və dövlət idarəçiliyinin fasiləsiz fəaliyyətini tənzimləyəcəklər.
Həmçinin Polşa ilə birlikdə Litva, Latviya və Estoniya sakinlərinin Polşa üzərindən təxliyəsi üçün beynəlxalq plan da hazırlanır.
Hazırlanan planlar sentyabrın 25-dən oktyabrın 3-dək keçirilən “Vytis 2026” səfərbərlik təlimlərində sınaqdan keçiriləcək. Təlimlərdə mümkün hərbi təhlükə zamanı əhalinin təxliyəsi, enerji və rabitə sistemlərində yaranan problemlər, həmçinin ölkənin səfərbərlik rejiminə keçidi məşq olunur.
Litva eyni zamanda ordunun sayını və müdafiə xərclərini artırır. Ölkədə hərbi qulluqçuların sayının 20,8 mindən 29,4 minə çatdırılması planlaşdırılır./globalinfo
