“Yeni təyin olunmuş Fransa hökumətinə avtomatik etimadsızlıq səsverməsinə çağıran müxalifət partiyaları siyasi böhranın şiddətlənməsinə görə məsuliyyət daşıyırlar və diqqətini Fransa xalqının maraqlarına xidmət etməyə və vəziyyəti sabitləşdirməyə yönəltməlidirlər”.
Yeniera.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində bildirib.
“Keçmiş baş nazir Fransua Bayruya etimadsızlıq qərarı verən siyasi qüvvələr və indiki baş nazir Sebastien Lekornunun sabitliyinin pozulmasında rol oynamış siyasi qüvvələr bu qarışıqlığa görə tam məsuliyyət daşıyırlar.
Mən davamlılığı və sabitliyi təmin edirəm və bunu davam etdirəcəyəm. Hər kəs bu istiqamətdə işləməyə davam etməlidir”, – deyə Makron bildirib.
Onun sözlərinə görə, siyasətçilərin yenidən baş nazir vəzifəsinə təyin edilmiş Lekornuya, eləcə də yeni kabinetə qarşı səsləndirdiyi tənqidi bəyanatlar vəziyyətə uyğun gəlmir.
Bunun fonunda o, hamını özünü bir yerə yığmağa və fransızların onlara verdiyi mandata uyğun işləməyə, vətəndaşların gündəlik həyatını yaxşılaşdırmaq, eləcə də Fransanın müstəqilliyi naminə fəaliyyətini davam etdirməyə çağırıb.
“Hazırda bütün gözlər Fransadadır. Ölkəmiz sabitlik və güc mesajı verməlidir. Ona görə də sabitlik üçün çalışmaq hər kəsin borcudur”, – deyə Makron vurğulayıb.
Yeganə

