“Oskar” mükafatı laureatı, rejissor Pavel Talankinin qazandığı qızıl heykəlciyin Nyu-Yorkda itməsi ilə bağlı qalmaqal yaranıb.
Yeniera.az xəbər verir ki,Rejissorun “Cənab Heç kim Putinə qarşı” adlı sənədli filmə görə aldığı mükafat Con Kennedi Beynəlxalq Hava Limanında təhlükəsizlik yoxlamasından sonra yoxa çıxıb.
Hadisə Talankin Almaniyaya uçuşa hazırlaşarkən baş verib. Rejissor bildirib ki, hava limanı təhlükəsizlik əməkdaşları “Oskar” heykəlciyinin salona keçirilməsinə icazə verməyib və bunun “potensial silah kimi istifadə oluna biləcəyi” əsas gətirilib.
“Lufthansa” aviaşirkətinin əməkdaşları qeydiyyatdan keçmiş baqajı olmayan rejissora mükafatı xüsusi qutuya yerləşdirərək, yük bölməsinə göndərməkdə kömək ediblər. Lakin təyyarə Almaniyaya endikdən sonra heykəlciyin itkin düşdüyü məlum olub.
“Lufthansa” hadisə ilə bağlı yaydığı açıqlamada təəssüfünü ifadə edib və mükafatın tapılması üçün daxili araşdırmaya başlanıldığını bildirib.
Filmin icraçı prodüseri Robin Hessman isə hadisəyə münasibət bildirərək qeyd edib ki, Talankin daha əvvəl “Oskar” və “BAFTA” mükafatları ilə dəfələrlə problemsiz şəkildə səyahət edib.
Pavel Talankin bu il Rusiyada məktəblərdə müharibə təbliğatının artmasını əks etdirən sənədli filmə görə “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Film Rusiyanın Ukraynaya hücumu fonunda çəkilib.
Rejissor mükafatı Nyu-Yorkda universitet tələbələri ilə birlikdə qatıldığı nümayiş zamanı təqdim etmək üçün özü ilə aparırmış.
