Ötən gün Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanov və oğlu Orxanın vəziyyəti açıqlanıb.

TƏBİB-dən Yeniera.az-a verilən məlumata görə, 1966-cı il təvəllüdlü kişi oktyabrın 8-də saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.

Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda bildirilib.

Həmçinin 2000-ci il təvəllüdlü O.Qəhrəmanova sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.

Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, sözügedən şəxslər Aprel şəhidi Ruhin Qəhrəmanovun ailə üzvləridir. Ruhin Qəhrəmanov 2016-cı il aprelin 2-də Lələtəpə yüksəkliyinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Exit mobile version