3 May – Millət Günü münasibətilə Azərbaycanın müstəqilliyinə həsr olunmuş poeziya gecəsi təşkil olunub.
Yeniera.az xəbər verir ki, tədbir çərçivəsində Mübariz Yunus Azərbaycan şairlərinin şeirlərini qiraət edib.
Gecədə səsləndirilən bədii nümunələr və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Fərahim Sadiqin səsləndirdiyi milli nəğmələr xüsusi duyğusal ab-hava yaradaraq şəhid ailələri və qazilər üçün mənalı və yaddaqalan istirahət anlarına çevrilib.
Tədbir zamanı Mübariz Yunus, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Səhənd, Ş.Mahmud, İmadəddin Nəsimi və Pir Sultan Abdal kimi görkəmli söz ustalarının yaradıcılığından şeir nümunələri səsləndirilib.
Şəhid ata və analarının şeirləri dinləməsi və özlərinin də şeir səsləndirməsi izləyicilərə duyğulu və yaddaqalan anlar yaşadıb. Onların səsindəki qürur və nisgil, sözlərdəki səmimiyyət zalda dərin təsir yaradaraq tədbirin ən kövrək və unudulmaz məqamlarından birinə çevrilib.
Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, müstəqillik ruhunun yaşadılması və cəmiyyətdə birlik hissinin daha da gücləndirilməsi olub.
Gecədə səsləndirilən “Qarabağ Azərbaycandır” əsəri (müəllif: Natiq Qubadoğlu, bəstəkar: Fərahim Sadiq) “Dastan qrupu”nun solistləri Murad Kəngərli və Çilənay Hüseyn tərəfindən ifa olunub. Bununla yanaşı, Fərahim Sadiqin “Əsgərnamə” elegiyası da iştirakçılara təqdim edilərək tədbirə dərin emosional çalar qatıb.
Sonda iştirakçılar “Qarabağ Azərbaycandır!” şüarı ətrafında birləşərək milli həmrəylik nümayiş etdiriblər.
