Microsoft otellərdə, konfrans mərkəzlərində və digər ictimai məkanlarda Wi-Fi şəbəkələrindən istifadə edənlərə ciddi xəbərdarlıq edib.

Yeniera.az xəbər verir ki, şirkət Rusiyaya bağlı haker qrupunun həyata keçirdiyi genişmiqyaslı kiber-casusluq kampaniyasını aşkarlayıb.

Hücumların əsas hədəfləri arasında ezamiyyətdə olan dövlət məmurları, şirkət əməkdaşları və digər səfər edən şəxslər var.

Sxem olduqca təhlükəlidir. İstifadəçi otelin və ya başqa ictimai məkanın Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra qarşısına brauzerin və ya əməliyyat sisteminin yenilənməsini tələb edən, zahirən normal görünən səhifə çıxa bilər. Lakin təqdim edilən yeniləmə əslində zərərli proqramdır.

Zərərli proqram kompüterə yerləşdikdən sonra klaviaturada yazılanları qeydə ala, ekran görüntüləri çəkə, müəyyən fayllara və qoşulmuş USB qurğularına çıxış əldə edə, hətta cihazın kamerasını və mikrofonunu aktivləşdirə bilir. Beləliklə, parollar və digər məxfi məlumatlar hakerlərin əlinə keçə bilər.

Microsoft-un məlumatına görə, kampaniya Rusiyaya bağlı Storm-2945 qrupu ilə əlaqələndirilir. Hücumların 2026-cı ilin mayından etibarən müxtəlif ölkələrdə hotel sektorunun şəbəkələrində müşahidə edildiyi bildirilir.

Mütəxəssislər ictimai Wi-Fi şəbəkəsinə qoşulduqdan dərhal sonra ekrana çıxan proqram, brauzer və ya sistem yeniləmələrini quraşdırmamağı tövsiyə edirlər. Microsoft özü də ictimai simsiz şəbəkələrin saxtalaşdırıla və istifadəçilərin aldadıla biləcəyinə dair xəbərdarlıq edir.

Musavat.com

Exit mobile version