Özlərini Prezidentin keçmiş Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun əmisi oğulları olduqlarını bildirən şəxslər kənd sakinini aldadaraq 800 min manata yaxın pul vəsaitini ələ keçiriblər.
Bu barədə Medialive.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Qeyd olunur ki, Elbəyi Əsədov, Sabir Əsədov, İsmayıl Əsədov adlı qardaşlar və onların bacısı oğlu Rəşid Advoev Bakının Binə qəsəbəsində pomidor alqı-satqısı ilə məşğul olan Səxavət Məmmədova şərikli iş təklif ediblər.
Bunun ardınca S.Məmmədov ortaq işə girmək üçün bir sıra şəxslərdən borc alıb. Lakin sonda məhsul satışından əldə edilən gəlir S.Məmmədova ödənilməyib.
Səxavət Məmmədov isə öz növbəsində həmin şəxslərdən onun pulunu qaytarmasını tələb edib, amma qardaşlar və onların bacısı oğlu buna məhəl qoymayaraq məsuliyyətdən yayınaraq ödənişi etməyiblər.
Nəticədə S.Məmmədova 800 min manata yaxın maddi ziyan dəyib.
Qeyd edək ki, həmin şəxslər Bəylər Eyyubovun qohumları olduqlarını bildirərək heç kimdən qorxmadıqlarını bildiriblər.
S.Məmmədov başına gəlmiş hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib və hazırda iddialarla bağlı araşdırma aparılır.
