Özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxsin Azərbaycanı tərk etdiyi bildirilir.

Dərc olunan ifşaedici materialdan dərhal sonra həmin şəxs əvvəlcə Gürcüstana yollanıb. Bəzi məlumatlarda onun daha sonra İsrailə getdiyi iddia olunsa da, digər məlumatlara əsasən, hazırda hələ də Gürcüstandadır. Bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, “David Seliverstov” özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib, Azərbaycan–İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib, ictimai-siyasi dairələrdə geniş əlaqələr formalaşdırmağa çalışıb. Hüquq müdafiəçilərinin iddiasına görə isə Azərbaycanda bu adda rəsmi qeydiyyatda olan şəxs yoxdur və “David Seliverstov” adı ilə çıxış edən şəxsin əslində Kazım Elşən oğlu Abbasov olduğu bildirilir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadənin təqdim etdikləri məlumatlarda bildirilir ki, Kazım Abbasov müxtəlif dövrlərdə bir neçə dəfə məhkum olunub. Təqdim olunan məlumatlara əsasən, o, 2011-ci ildə dələduzluq ittihamı ilə saxlanılıb və azadlıqdan məhrum edilib. Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayət işində də məhkum olunub. 2014-cü ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə yenidən saxlanılıb və 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir. Hüquq müdafiəçilərinin məlumatına görə, o, 2022-ci ildə azadlığa çıxıb.

İddialara görə, azadlığa çıxdıqdan sonra Kazım Abbasov yeni kimlik formalaşdıraraq “David Seliverstov” adı ilə fəaliyyət göstərməyə başlayıb. O, müxtəlif şəxslərə problemlərinin həllində kömək edə biləcəyini bildirib, nüfuzlu çevrələrlə əlaqələrinin olduğunu vurğulayıb və bu yolla etimad qazanmağa çalışıb. Hüquq müdafiəçiləri bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırladıqlarını açıqlayıblar.

Hazırda “David Seliverstov”un ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatların rəsmi təsdiqi olmasa da, məsələ ətrafında araşdırmaların davam etdiyi bildirilir./MUSAVAT.COM/

Exit mobile version