Bayram ərəfəsində sosial ödənişlərin qrafikdən əvvəl verilməsi bir çox ailənin işini asanlaşdırdı. Lakin bu addımın başqa tərəfi də var. Əgər növbəti ay ödənişlər yenidən köhnə tarixlərdə həyata keçirilsə, sosial gəlirlə yaşayan insanlar təxminən 40 gün vəsait almaya bilərlər. Bu isə xüsusilə pensiya və müavinətlə dolanan ailələr üçün çətinlik yaradacaq.
Bəs bu riski azaltmaq üçün pensiya və müavinətlərin ödəniş tarixini daha erkən vaxta keçirmək mümkündürmü?
YENİERA.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, hökumət bayram ərəfəsində insanların alış-verişi əvvəlcədən planlaşdıra bilməsi üçün pensiyaların daha erkən ödənilməsinə qərar verir:
“Bu, düzgün və məqsədəuyğun addımdır. İnsanlar bayrama hazırlaşmaq üçün ərzaq və digər zəruri məhsulları əvvəlcədən ala bilirlər. Bəzən qiymət artımı da müşahidə olunur və vətəndaşlar ehtiyaclarını daha erkən təmin etmək imkanı qazanırlar. Digər tərəfdən, hər bir insan şəxsi büdcəsini düzgün idarə etməlidir. Pensiya və ya müavinəti daha tez alan şəxs növbəti ödənişə qədər müddətin bir qədər uzun ola biləcəyini nəzərə almalıdır”.
İqtisadçı əlavə edib ki, pensiya və müavinətlərin verilməsinin vaxtının dəyişdirilməsi inandırıcı görünmür, o baxımdan erkən alan şəxslər xərclərini buna uyğun planlaşdırmalıdırlar:
“Bu, təkcə pensiya və müavinət alanlara aid deyil, maaş alanlara da şamil olunur. Məsələn, dövlət və ya özəl sektorda çalışan bəzi şəxslər maaşı ayın ortalarında alır və növbəti maaşa qədər müəyyən müddət gözləməli olurlar. Bu baxımdan hər kəs şəxsi büdcəsini düzgün idarə etməyi və vəsaitdən səmərəli istifadə etməyi bacarmalıdır.
Əgər 21-22 martda ödənilməsi nəzərdə tutulan pensiya 15 martda verilsə, vətəndaşların növbəti ay gəlirsiz qalmaması üçün ödənişin ayın 17-18-də həyata keçirilməsi məqsədəuyğun olar”.
