30 ildən artıq əmək stajı olan və pensiya yaşına bir neçə il və ya ay qalan şəxslərin ixtisara düşə bilib-düşməməsi məsələsi həm işçilər, həm də işəgötürənlər arasında ən çox müzakirə olunan mövzulardan biridir. Cəmiyyətdə geniş yayılmış yanlış rəyə əsasən, uzun illər çalışmış və təqaüdə az vaxtı qalmış şəxslərin heç bir halda ixtisara salına bilməyəcəyi düşünülür. Lakin əmək qanunvericiliyi bu məsələyə tamamilə fərqli hüquqi müstəvidə yanaşır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, uzunmüddətli əmək stajı və ya pensiya yaşına az qalması işçini mexaniki olaraq ixtisardan tam qoruyan toxunulmazlıq statusu yaratmır: “Müəssisədə real struktur dəyişiklikləri aparıldığı, ştat vahidlərinin ləğv edildiyi və ya istehsalat zərurəti yarandığı təqdirdə, qanunun tələblərinə riayət olunmaqla istənilən şəxsin əmək müqaviləsinə xitam verilə bilər”.

Onun sözlərinə görə, əsas diqqət stajın illərinə deyil, ixtisar prosesinin hüquqi əsaslandırılmasına və prosedur qaydalarına düzgün əməl olunmasına yönəldilməlidir: “İşəgötürən tərəfindən tətbiq edilən ixtisar formal deyil, real və əsaslandırılmış olmalıdır, əks halda işçi hüquqlarını məhkəmə müstəvisində bərpa etmək hüququna malikdir. Mövcud qaydalara görə, işəgötürən ixtisar zamanı qanunvericiliyin müəyyən etdiyi xəbərdarlıq müddətlərinə riayət etməli, işçiyə müvafiq təzminatları ödəməli və əgər eyni vəzifədə bir neçə nəfər çalışırsa, qanunda nəzərdə tutulan üstünlük meyarlarını nəzərə almalıdır”.

İqtisadçının sözlərinə görə, şəxsin 36 il stajının olması və təqaüdünə 1 il 8 ay qalması işəgötürənin qanuni ixtisar qərarını tamamilə istisna etmir, lakin bu cür kateqoriyadan olan işçilərin hüquqlarının pozulmaması üçün hər bir hal fərdi şəkildə və qanun çərçivəsində diqqətlə qiymətləndirilməlidir: “Əgər vətəndaş ixtisarın qanunsuz həyata keçirildiyini və ya subyektiv səbəblərə əsaslandığını düşünürsə, qanunvericilikdə nəzərdə tutulan müddətlərdə hüquqi müdafiə mexanizmlərindən mütləq yararlanmalıdır”.

Exit mobile version