“Uzun müddət idi ki, hər kəs Azərbaycan və Rusiya prezidentləri arasında görüşü gözləyirdi”.
Bu sözləri Yeniera.az-a açıqlamasında millət vəkili Naqif Həməzyev deyib.
Onun sözlərinə görə, görüşün başlaması ilə Rusiya prezidenti Vladimir Putin ən həssas mövzulardan biri – Azərbaycana məxsus AZAL təyyarəsinin Rusiya səmasında vurulması məsələsinə aydınlıq gətirərək üzr istədi:

“Rusiya prezidenti rəhmətə gedən şəxslərin yaxınlarına başsağlığı verdi və istintaqın ciddi aparıldığına, tezliklə yekunlaşacağına diqqət çəkdi. Buradan belə qənaətə gəlmək olar ki, faktiki olaraq kompensasiyanın ödənilməsi və digər prosedurların da həyata keçirilməsi məhz istintaq başa çatdıqdan sonra həyata keçiriləcək. Düşünürəm ki, görüşün keçirilməsi və Putinin bu həssas mövzuya toxunması, daha sonra isə cənab Prezidentin ona təşəkkür etməsi artıq Rusiya-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasına gətirib çıxaracaq”.
Deputat qeyd edib ki, bu görüşdən sonra baş verən proseslər Azərbaycanın istədiyi kimi cərəyan edəcək:
“Məhz Düşənbədə keçirilən görüşdən sonra proseslər bizim istədiyimiz kimi cərəyan edəcək və daha yaxşı şəkildə münasibətlərin irəliləməsinə şahidlik edəcəyik. Əsasən də iqtisadi əlaqələrin gücləndirilməsi məsələsində müsbət tendensiyaya şahid olacağıq. Bir sözlə, bu görüşün keçirilməsi və müsbət nəticələnməsi hər kəs tərəfindən sevinclə qarşılanır”.
Parlamentari əlavə edib ki, xüsusilə əlaqələrin soyuq olduğu bir dönəmdə ermənipərəst qüvvələrin Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək niyyətlərinin ortaya qoyulması və təxribat xarakterli informasiyaları tirajlamaları heç kəsin diqqətindən yayınmayıb:
“Ancaq Putin tərəfindən sərgilənən münasibət və Azərbaycanı narahat edən məsələlərə həssaslıqla yanaşması onu deməyə əsas verir ki, onun mövqeyi heç də emrənipərəst qüvvələrlə eyni deyil. Əksinə, Putin Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsində və əlaqələrin irəli getməsində maraqlıdır. Ümid edirik ki, bu, belə də olacaq”.
Yeganə Vəliyeva

