Rusiya Dövlət Duması ölkə prezidentinin silahlı qüvvələrdən ölkə xaricində istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu ikinci və üçüncü oxunuşlarda qəbul edib.

Yeniera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” federal qanunlara edilən düzəlişlərə əsasən, bundan sonra Prezident Vladimir Putin xaricdə Rusiya vətəndaşlarının həbs edilməsi, saxlanılması, cinayət və digər təqibə məruz qalması hallarında onların müdafiəsi üçün ordunun xidmətlərindən yararlana biləcək.

Məlumata görə, söhbət rusiyalıların xaricdə Rusiyanın iştirakı olmadan səlahiyyətlərə malik olan məhkəmələr, eləcə də Rusiyanın tanımadığı beynəlxalq məhkəmə orqanları tərəfindən həbs edildiyi hallardan gedir.

Qeyd edək ki, qüvvədə olan “Təhlükəsizlik haqqında” federal qanuna əsasən, prezident ölkələrin və ya beynəlxalq orqanların Rusiyanın maraqlarına zidd və ya Rusiyada ictimai hüquq qaydalarının əsaslarına zidd qərarlar qəbul etdiyi hallarda qoşunları xaricə göndərmək hüququna malikdir.

Exit mobile version