Meksikada keçmiş gözəllik kraliçası Karolina Flores Qomes Mexiko şəhərində yerləşən mənzilində başından güllə yarası ilə ölü tapılıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, istintaq orqanları əsas şübhəni onun qayınanası üzərində cəmləşdiriblər.

Şəhər prokurorluğu hadisəni qəsdən törədilmiş qətl kimi qiymətləndirib və araşdırmalar davam edir.

Məlumata əsasən, Qomes 2017-ci ildə Baja Kaliforniyada keçirilən “Miss Teen Universe” müsabiqəsinin qalibi olub. Onun aprelin 15-də güllələnərək öldürüldüyü ehtimal edilir. Hadisə zamanı evdə həyat yoldaşı Alejandro Qomes və anası Erika Maria da olub.

Diqqət çəkən məqamlardan biri isə atışmanın rəsmi olaraq yalnız növbəti gün — aprelin 16-da qeydə alınmasıdır. Bu gecikmə hüquq-mühafizə orqanlarının diqqətini çəkib və əlavə suallar doğurub.

Karolina Flores Qomes 4 aprel 1999-cu ildə Ensenada şəhərində anadan olub və ölümündən az əvvəl ad gününü qeyd edib.

Ştat qubernatoru Marina del Pilar Avila bildirib ki, cinayət işinin araşdırılması prioritet məsələdir: “Qadınlara qarşı törədilən heç bir cinayət cəzasız qalmamalıdır. Bu ağır dövrdə ailəyə başsağlığı veririk”.

Hadisə ölkədə qadınlara qarşı zorakılıq hallarının artması və bu cür cinayətlərə görə ədalətin təmin olunmaması ilə bağlı narazılıqlar fonunda baş verib. Vətəndaş cəmiyyəti nümayəndələri cinayətin femisid — yəni gender əsaslı qətl kimi yenidən təsnif olunmasını tələb edirlər.

Exit mobile version