ABŞ dövlət katibi Marko Rubio İranla danışıqlarda əhəmiyyətli irəliləyişin olduğunu bildirib və gün ərzində bu məsələ ilə bağlı xəbərlərin olacağını anons edib.

Yeniera.az xəbər verir ki, o, bunu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, son 48 saat ərzində Fars körfəzi regionundakı tərəfdaşlarla çərçivə planının yaradılması istiqamətində müəyyən tərəqqiyə nail olunub.

“Uğurlu olacağı təqdirdə bu plan bizə təkcə boğazların tamamilə və rüsumsuz açılmasına nail olmağa deyil, həm də İranın nüvə silahı yaratmaq sahəsindəki əvvəlki iddialarının əsasında duran bir sıra mühüm amilləri aradan qaldırmağa imkan verəcək. Sözsüz ki, bunun üçün İran tərəfinin tam razılığı və sonradan əldə olunmuş razılaşmalara ciddi şəkildə əməl etməsi tələb olunacaq. Bundan əlavə, detalların razılaşdırılması üzrə növbəti işlərin aparılmasına ehtiyac yaranacaq”, – deyə dövlət katibi qeyd edib.

Dövlət katibi əmin edib ki, ABŞ nizamlanmada diplomatik üsullara üstünlük verir.

“Biz də hazırda məhz buna nail olmağa çalışırıq. Hesab edirəm ki, müəyyən irəliləyişə nail ola bilmişik. Düşünürəm ki, yaxın bir neçə saat ərzində dünya bəlkə də yaxşı xəbərlər alacaq”, – deyə o söyləyib./publika

Exit mobile version