Belçikanın Dendermonde şəhərində bina təmir edən tikinti işçiləri qazıntı zamanı onlarla qızıl külçəsi və yüzlərlə qızıl sikkədən ibarət xəzinə aşkarlayıblar.
Yeniera.az xəbər verir ki, tapılan qızılın ilkin dəyərinin təxminən 9 milyon avro olduğu bildirilir.
Polisin məlumatına görə, hadisə zamanı səkkiz işçi zirzəmidə divarı sökərkən texnikanın ucu gözlənilmədən qızılla dolu sandığa ilişib. Bundan sonra işçilər ərazidə qeyri-adi bir şey tapdıqlarını anlayaraq binanın sahibinə məlumat veriblər. Sahib isə dərhal polisə müraciət edib.
Dendermonde Polis İdarəsinin rəisi Patrik Feys bildirib ki, hadisə barədə məlumat aldıqdan sonra polis əməkdaşları əraziyə gələrək tapılan qızılı rəsmi şəkildə qeydiyyata alıblar.
Qızılın inventarlaşdırılması polis bölməsində kamera nəzarəti altında aparılıb. İnventarlaşdırmaya eyni vaxtda dörd nəfər cəlb edilib.
Daha sonra xəzinə möhürlənərək polis nəzarətinə götürülüb.
Polis hazırda qızılın nə vaxt və kim tərəfindən gizlədildiyini, eləcə də, qanuni sahibinin kim olduğunu müəyyənləşdirməyə çalışır.
Həmçinin qeyd olunur ki, 9 milyon avro həcmində qiymətləndirilən məbləğ xəzinənin yalnız ilkin dəyəridir. Tapılan qızılın tam tərkibi və miqdarı müəyyənləşdirildikdən sonra onun ümumi dəyəri dəyişə bilər.
