Gürcüstandan Abxaziyaya yanacaq tədarük edilməsi ölkədə ciddi siyasi mübahisəyə səbəb olub.
Yeniera.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze avqustun 12-də hökumət administrasiyasında keçirilən brifinqdə Tiflisin nəzarətində olan ərazilərdən Abxaziyaya yanacaq göndərildiyini təsdiqləyib.
“Biz gətirməmişik, bunu biznes edib”, – deyə Kobaxidze bildirib.
TV Pirveli telekanalının Abxaziyada yanacaq çatışmazlığı ilə bağlı sualını cavablandıran baş nazir qeyd edib ki, Gürcüstanda qüvvədə olan qanunvericilik, o cümlədən “İşğal olunmuş ərazilər haqqında” qanun belə tədarüklərə imkan verir. Kobaxidzenin sözlərinə görə, gələcəkdə də bölgədə yaşayan əhalinin vəziyyətini yüngülləşdirmək imkanı yaranarsa, bu, qanun çərçivəsində edilə bilər.
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili isə məsələ ilə bağlı daha sərt açıqlama verib. O iddia edib ki, Tiflisin nəzarətindəki ərazilərdən göndərilən benzinin əsas istiqaməti Abxaziya deyil, Rusiyanın cənub bölgələridir.
Saakaşvilinin fikrincə, Ukraynanın hücumları nəticəsində Rusiyanın cənubunda yaranmış yanacaq çatışmazlığı bu tədarükün arxasında dayanan əsas səbəbdir. Keçmiş prezident Gürcüstanda benzinin qiymətinin 4 lariyə qədər yüksəlməsini də bununla əlaqələndirib.
Saakaşvili hakim “Gürcü Arzusu” partiyasını da sərt tənqid edərək, hakimiyyətin Moskva ilə münasibətlərə dair açıqlamalarında ziddiyyətlər olduğunu bildirib.
Musavat.com
