Kiyevdə Rusiyanın Ukrayna paytaxtına gecə saatlarında endirdiyi raket və pilotsuz uçuş aparatları hücumu nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 3 iyul Matəm Günü elan olunub.
Yeniera.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Telegram kanalında məlumat verib.
“Sabah düşmənin Kiyevə həyata keçirdiyi ən irimiqyaslı hücum zamanı həlak olanların xatirəsinə Matəm Günü elan edilib. Bütün bələdiyyə binalarında dövlət bayraqları yarıya endiriləcək. Dövlət və özəl müəssisələrə də eyni addımı atmaq tövsiyə olunur”, – deyə Kliçko bildirib.
Merin sözlərinə görə, hücum nəticəsində xəsarət alanların sayı 86 nəfərə çatıb, azı 13 nəfər isə həyatını itirib.
Kliçko əlavə edib ki, Darnitski rayonunda zədələnmiş yaşayış binasında axtarış-xilasetmə əməliyyatları davam edir. Onun sözlərinə görə, dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.///Ajans.az
