Bir neçə ay öncə Almaniyaya səfərə getməli idim. Almaniyaya birbaşa bilet baha olduğundan qərara gəldim ki, yaxın ölkələrdən birinə səfər edim, daha sonra Almaniyaya quru sərhədlə keçim. Elə biletlərə baxarkən Kopenhagenə olan təyyarə biletinin “gülünc” qiymətə, çox aşağı olduğunu gördüm. Çox düşünmədim, aldım. Həmin tarixdən 2 gün sonraya isə Almaniyaya avtobus bileti aldım. Vəziyyət isə qəliz idi: Həmin 2 gün ərzində hostel qiymətləri çox baha idi və mənim qalmağa yerim yox idi. Təbii ki, əvvəlcədən bunu bilirdim, lakin istəyirdim ki, komfort zonamdan çıxım və yeni təcrübə qazanım. Başladım üsullar axtarmağa. İlk öncə Couchsurfingə baş çəkdim(yerli sakinlər ilə səyahətçiləri birləşdirən qlobal sosial şəbəkə). Elanı paylaşdım, heç bir geri dönüş olmadı.

İlk növbədə başladım internetdə Kopenhagendə yaşayan azərbaycanlıları axtarmağa. Adətən icmalar və diasporlar Feysbukda aktiv olur. Elə feysbukdan bir Azərbaycan diasporası tapdım: Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti. Daha sonra biraz araşdırma edib, cəmiyyətin sədri Mehriban Səfər Əliyevanın Linkedin hesabını tapdım və ona yazdım. Vəziyyəti izah etdim və o məmnuniyyətlə məni 2 gün öz evlərində qonaq edə biləcəyini bildirdi.

Uçuş tarixi gəldi çatdı və mən artıq hava limanındaydım. İçimdə ifadə edə bilməyəcəyim qəribə hiss var idi. Əvvəl heç getmədiyim bir ölkəyə gedirdim, amma içimdə doğma bir hiss vardı. Sanki illərdir tanıdığım qohumlarımın yaxud dostlarımın yanına gedirdim. Sonra başa düşdüm ki, belə hiss etməyim təsadüfi deyilmiş… İlk öncə Varşavaya uçdum. Daha sonra Kopenhagenə. Əvvəlcədən məni qarşılayacaqlarını dediklərinə görə, təyyarədən endiyimi xəbər verdim. Məni qarşılamağa mənlə yaşıd bir gənc gəlmişdi. Tezliklə bir-birimizi tapıb evə doğru yola düşdük. Hər şey o qədər sürətli baş verdi ki, onları dərk edə bilmirdim. Həm yeni ölkənin şoku, həm də belə unikal təcrübə. Yol boyunca həmin gənclə xeyli söhbət etdik. Qürbətdə öz dilində danışa biləcəyin birinin olması möhtəşəm hisslərdən biridir və bu mənə ləzzət edirdi. Daha sonra evə çatdıq, içəridə 4 nəfər məni azərbaycanca salamladı. Hər biri ilə görüşüb içəri keçdim. Masa arxasında 10-15 nəfər əyləşmişdi. Özümü təqdim edib masa arxasında əyləşdim. Amma o qədər şokda idim ki… Evdə hər kəs azərbaycanca danışır, masa üzərində paxlava, halva və digər milli şirniyyatlar vardı. Daha sonra aş gəldi. Qürbətdə nadir bir mühitdə olmağımı hiss etdim.

Yeməklər bir yana, söhbət o qədər qızışmışdı ki, elə bil uzun illər bir tanıdığın insanlarla axır ki, görüşmüsən. Mən onları dinləyərkən pəncərədən çölə baxırdım. Başa düşməyə çalışırdım ki, həqiqətəndə belə bir şey ola bilərmi? Mən Kopenhagendəyəm, ya Sumqayıtda?

Vaxt keçirdikcə öyrəşməyə başladım. Hətta axşam həmin azərbaycanlılar ilə futbol üzrə Dünya Çempionatının bir matçına da bərabər baxdıq. Sonra isə mənə bir otaq ayırdılar.

Elə hiss edirdim ki, sanki illərdir bu evdə yaşayıram. Səhəri oyananda masanın üstündə qoğal vardı. Təsəvvür edirsiniz? Kopenhagendə səhər yeməyi olaraq şor qoğal yeyir və şirin çay içirdim. Daha sonra cəmiyyətin üzvlərindən biri ilə şəhəri gəzməyə yollandıq. O mənə şəhərin hər yerini gəzdirdi, hər şey barədə məlumatlandırdı. Bəlkə də hər hansı bir bələdçi olsaydı, onu əvəz edə bilməzdi. Çünki, o, artıq illərdi orada yaşayırdı və hər şeyin tarixini, yerini əzbər bilirdi. Həm də bütün yol boyu azərbaycanca danışırdıq. Bu cəmiyyətlə qarşılaşdığım üçün çox şanslı olduğumu bir daha başa düşdüm.

Axşam isə qaldığım evdə çox ləziz balıq yeməyi bişirilmişdi. Ləzzətlə balığı yedikdən sonra bir qədər söhbət etdik və ən çətin anlardan biri oldu: Ayrılıq. O mənim Kopenhagendəki son gecəm idi və səhər saatlarında Almaniyaya avtobus səfərim vardı. Əslində heç getmək istəməsəm də, hər bir şeyin sonu olduğunu bilirdim. Nə qədər çətin olsa da sağollaşıb xatirə fotosu çəkdik. Səhər evdən ayrıldım. Küçə ilə tramvaya doğru gedərkən arxaya baxmaq istəmirdim, çünki arxada möhtəşəm xatirələr, qarşıda isə növbəti bilinməzlik vardı. Tramvaya yenicə minmişdim ki, telefonuma zəng gəldi. Zəng edən, dünən mənə şəhəri göstərən cəmiyyətin üzvlərindən biri idi. İşdə olmasına baxmayaraq yol boyunca mənə zəng edərək vəziyyətimi soruşur, yaxşı olduğumdan əmin olmaq istəyirdi. Və bu yalnızca həmin gün davam etmədi, 10 gün sonra Azərbaycana qayıtmağıma baxmayaraq yenə də məni unutmur, tez-tez əlaqə saxlayırdılar.

İndi həmin vaxtdan bir neçə ay keçib. Lakin mən hələ də həmin günləri dünənki kimi xatırlayıram. Bu yazını yazərkən istər-istəməz gülümsəyirəm. Bu təcrübə mənə həyat barədə müsbət mənada çox şey öyrətdi. Onlarla etdiyimiz söhbətlər, paylaşdığımız dəyərlər, baxış bucaqlarımız. Eyni ölkədə yaşamaya bilərik, amma həmin insanlarla zaman keçirdikdə doğma bir isti münasibət görürsən. Təbii ki, hər yerdə pis və yaxşı vardır. Amma əsas olan sənsən. Əgər sən pozitiv birisənsə, böyük ehtimal qarşına pozitiv biri çıxacaq. Yəni əsas olan özümüz üçün nə arzu etdiyimizdir. Qarşına yaxşı biri çıxsa, xatirə, pis biri çıxsa təcrübə olacaq. Bu dəfə məndə xatirə oldu. Amma deyək ki, mənə geridönüş etməsəydilər nə baş verərdi? Bəlkə aeroportda, bəlkə parkda yaxud hər hansı bir yerdə gecələyəcəkdim və bu mənim üçün bir təcrübə olacaq idi.

Aydın Kərimli

Exit mobile version