Sosial şəbəkələrdə yardım toplamaq adı altında süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilən yeni dələduzluq üsulu üzə çıxıb.
Yeniera.az xəbər verir ki, “İkinci əl əşyalar satılır” sosial media qrupunda İlmina Məmmədli adlı profil tərəfindən həyat yoldaşının ağır xəstə olduğu iddia edilərək dərman yardımı tələb olunub.
Paylaşımda qeyd olunub ki, II qrup əlil olan, gözləri görməyən və xroniki böyrək xəstəliyindən əziyyət çəkən şəxsin müalicəsi üçün dərmanları almağa maddi imkan çatmır. İnsanların kövrək hisslərinə toxunaraq yardım istəyən şəxs, eyni zamanda Səhiyyə Nazirliyinin blankında guya həkim Zöhrə Qənbərova tərəfindən İlkin Məmmədliyə yazılmış tibbi reseptin fotosunu da təqdim edib.
Lakin diqqətli sosial şəbəkə istifadəçiləri təqdim olunan reseptin tamamilə saxta və süni intellekt vasitəsilə generasiya edildiyini aşkar ediblər. Sənədin üzərində saxta olaraq 20.02.2020-ci il tarixinin qeyd edilməsi və şriftlərin süni intellekt məhsulu olması dələduzluq əməlini ifşa edib.
Sosial şəbəkə istifadəçiləri bu cür qanunsuz addımların və saxtakarlıqların həqiqətən yardıma, müalicəyə ehtiyacı olan xəstə insanlara ediləcək yardımların qarşısını aldığını vurğulayaraq vətəndaşları diqqətli olmağa çağırıblar.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Medialive.az-a açıqlamasında bildirib ki, vətəndaşlara tövsiyə olunur ki, internet resurslarında yardım kampaniyaları adı altında edilən paylaşımlara qarşı diqqətli olsunlar, dəqiqləşdirmə aparmadan tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn ödəniş etməsinlər, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməsinlər.
