Yunanıstan Səudiyyə Ərəbistanının Yanbu şəhərində yerləşdirilən “Patriot” hava hücumundan müdafiə batareyasının xidmət müddətinin illik deyil, aylıq qiymətləndirmələrlə uzadılması barədə qərar qəbul edib.

Yeniera.az “Sözcü”yə istinadən xəbər verir ki, sözügedən qərar bölgədə dəyişən geosiyasi dinamikalar və Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı üçtərəfli müdafiə sazişindən sonra gündəmə gəlib.

Yunanıstan Müdafiə Nazirliyinin mənbələrinə görə, Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Yanbu şəhərində yerləşdirilmiş Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “Patriot” hava hücumundan müdafiə batareyasının xidmət müddəti əvvəlki kimi illik uzadılma modeli ilə deyil, bundan sonra aylıq dövrlərlə qiymətləndiriləcək.

Attachment

Bu isə o deməkdir ki, bölgədə yerləşdirilən “Patriot” sistemləri istənilən vaxt geri çəkilə bilər. Belə bir addımın Səudiyyə Ərəbistanını Yəmən husilərinə qarşı müdafiə baxımından əlverişsiz vəziyyətdə qoya biləcəyi bildirilir.

Bölgədə davamlı dəyişən geosiyasi şərtlər səbəbindən bir neçə ay əvvəl tətbiqinə başlanıldığı bildirilən bu yanaşmanın Yunanıstanın Milli Müdafiə naziri Nikos Dendias tərəfindən ötən ilin mart ayında təklif edildiyi məlum olub.

Baş nazir Kiriakos Mitsotakis və Xarici İşlər Nazirliyi ilə tam koordinasiya şəraitində hazırlanan təklif Səudiyyə Ərəbistanı hakimiyyətinə, eləcə də Ər-Riyadın Afinadakı səfirliyinə təqdim edilib.

Yanbuda yerləşən Yunanıstanın “Patriot” batareyası Səudiyyə Ərəbistanının Fars körfəzindən beynəlxalq bazarlara daşınan neftinin təxminən 60 faizinin ötürüldüyü Şərq-Qərb neft kəmərinin son məntəqəsi olan Qırmızı dəniz limanındakı strateji obyektlərin təhlükəsizliyini təmin edir.

Bölgədə strateji əhəmiyyət daşıyan neft emalı zavodları da yerləşir.

Yunanıstan mətbuatında sözügedən qərarla bağlı detallar Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında tərəflərdən birinə hücum ediləcəyi təqdirdə qarşılıqlı yardım göstərilməsini nəzərdə tutan üçtərəfli müdafiə əməkdaşlığı sazişinin imzalanmasından dərhal sonra dəqiqləşib.

Riyad rəhbərliyinin belə bir ittifaqa qoşulması Yunanıstan tərəfindən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) kimi uzunmüddətli layihələrə, eləcə də Afinanın Səudiyyə Ərəbistanı ilə müxtəlif sahələrdə qurmağa çalışdığı ümumi strateji münasibətlərə mənfi təsir kimi qiymətləndirilir.

Musavat.com

Exit mobile version