Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sabunçu rayonunda yerləşən 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Yeniera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, istintaqın bir ildən çox getməsinə baxmayaraq, təqsirləndirilən heç bir ödəniş etməyib. Bu səbəbə görə, məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib.
Səbuhi Əliyev məhkəmə zalında həbs edilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası avqustun 6-na təyin edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından, barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə müəyyən edilib ki, Səbuhi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib.
Səbuhi Əliyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. APA
