Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Azərbaycanda keçiriləcək 12-ci Zirvə Görüşündə təşkilata daxil olmayan dövlətlərlə əməkdaşlıq üçün “TDT+” formatının təsis edilməsi ilə bağlı qərar qəbul edilməsi planlaşdırılır.
Söhbət hansı ölkələrdən gedir? TDT-yə üzv olmayan ölkələrlə iqtisadi əməkdaşlıq türk dövlətləri üçün hansı imkanları yarada bilər?
Mövzu barədə fikirlərini Yeniera.az-la bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşü mühüm əhəmiyyət kəsb edir və Türk dövlətlərində bu görüşlərə maraq çox yüksəkdir:

“TDT dünyada həssas geosiyasi vəziyyətdə yeni inkişaf mərhələsinə qədəm qoyur. Sevindirici haldır ki, 2009-cu ildən Naxçıvandan başlayan böyük yol bu gün daha da genişlənir, əhatəli şəkildə Türk dövlətləri liderlərinin müzakirəsi həyata keçirilir. Hesab edirəm ki, Qəbələdə keçirilən Zirvə Toplantısı da önəmli nəticələrlə yadda qalacaq. Cənab Prezident İlham Əliyevin çıxışı zamanı önəmli təklifləri oldu. Onlardan biri gələn il Türkoloji Qurultayın 100 illiyinin keçirilməsidir. Fikrimcə, bu, çox mühüm siyasi nəticələrə gətirib çıxara bilər. Artıq Türk dövlətlərinin ortaq əlifbası hazırlanıb və bu qurultay məhz dilçilik məsələlərinin, türkçülük mövzularının müzakirəsi ilə yadda qala bilər. Eyni zamanda dəyərli elm adamlar bu qurultayda iştirak edə bilərlər”.
Politoloq qeyd edib ki, ölkə başçısının digər təklifi növbəti il TDT-nin hərbi təlimlərinin keçirilməsi ilə bağlıdır:
“Bunu Qarabağ Bəyannaməsinin tamamı olaraq görürəm və hesab edirəm ki, bu təlimlərin keçirilməsinə də böyük ehtiyac var. Çünki bu gün dünyada beynəlxalq hüquqa biganə münasibət, davamlı müharibələrin olması təhlükəsizlik məsələlərinə diqqətin daha da arırılmasını tələb edir. Bu baxımdan həmin təlimlər bizim ortaq gücümüzün daha da artırılmasına gətirib çıxara bilər. Həmin təlimlər ordu birləşmələrinin koordinasiyasına və ortaq fəaliyyətinə təkan verəcək”.
TDT-yə üzv olmayan dövlətlərin “TDT+” formatında iştirakına gəlincə, İ.Hüseynov vurğulayıb ki, bu siyasi-iqtisadi nəticələrə gətirib çıxara bilər:
“Çünki türk coğrafiyası bizim üçün könül coğrafiyasıdır. Bu könül coğrafiyasından kənara olan dövlətlərlə iş birliyi önəmlidir. Bir sıra dövlətlər bu formatda fəal iştirak etmək arzusunu ifadə ediblər. Gələcəkdə “TDT+” formatınn hansı formada şaxələnəcəyini yaxından izləyəcəyik”.
Yeganə Vəliyeva

