“Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında israrlı görünür. Hesab edirəm ki, məhz, Alyaskada keçirlən görüşdən sonra həmkarı Vladimir Putinlə yenidən bir neçə gün əvvəl telefonla danışması, Zelenskini Ağ evdə qəbul etməsi və Macarıstanda növbəti görüşün planlaşdırılması ABŞ-ın bu müharibəni dayandırmaq istəyindən irəli gəlir”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, 4 il davam edən müharibə çoxlu canlar alıb, yaşayış məntəqələri yerlə yeksan edilib, insanlar öz yurdlarından didərgin düşüblər:
“Həqiqətən bu böyük faciə dayanmalıdır. Müharibənin davam etməsi həm də dünya iqtisadiyyatına öz təsirini göstərir. Ona görə də müharibənin davam etdirilməsi heç bir tərəfin maraqlarına uyğun deyil. Amma Zelenski ABŞ-a səfəri ərəfəsində ərazi güzəştləri ilə razılaşmayacağını, Rusiyanın enerji strukturunu hər gün dağıtdığını və Ukraynanın ərazi bütövlüyünü bərpa etdirəcəyini bildirib. Lakin Tramp Zelenskiyə onun çox arzuladığı “Tomoqavk” raketlərin verilməsinə razı olmadı və bu raketlərin özləri üçün lazım olduğunu bildirdi. Hesab edirəm ki, bu yanaşma Zelenskini müəyyən güzəştlərlə razılaşdırmaq üçün atılan addımdır. Rusiya öz məqsədlərindən geri çəkilmir. Təmas xəttində münaqişənin dondurulması da Rusiyanın maraqlarına uyğun deyil. Belə ki, Moskva müharibənin dondurulmasını yox, özünün təklif etdiyi şərtlər əsasında birdəfəlik dayandırılmasını dəstəkləyir. Bu baxımdan müharibənin dayanmasının yolu Ukaraynanın müəyyən güzəştləri qəbul etməyindən keçir. Əks halda, müharibə hələ uzun çəkəcək. Beynəlxalq ictimaiyyət ABŞ və Rusiya liderlərinin Macarıstan görüşünü səbirsizliklə gözləyirlər. Hadisələrin necə davam edəcəyi isə Macarıstan görüşündən sonra bilinəcək”.
Ariz Həsənoğlu

