Son günlər TRIPP layihəsinin Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirəcəyi, eyni zamanda yeni ticarət yolunu açacağı barədə müzakirələr aparılır. Bu layihənin regionda Azərbaycan-Ermənistan münasibətlərinə və ABŞ-ın Cənubi Qafqazdakı roluna təsirlərinin necə olacağı barədə müxtəlif ehtimallar irəli sürülür.
Sözügedən layihənin Azərbaycan-Ermənistan münasibətlərində və ABŞ-nin Cənubi Qafqazdakı rolunda nə kimi dəyişikliklərlə nəticələncəyi barədə fikirlərini Yeniera.az ilə bölüşən politoloq Həşim Səhrablı bildirib ki, “Tramp yolu”nun açılması Azərbaycanı Naxçıvanla birləşdirəcək, həmçinin qlobal əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılması ilə nəticələnəcək:

“Bu da Orta dəhlizin ən faydalı marşutunun aktivləşməsi anlamına gəlir. Bunun Azərbaycan üçün iki xüsusi önəmi var: Birincisi, Naxçıvanın məhz quru yolla birbaşa Azərbaycanın digər quru yolları ilə birləşməsi. İkincisi, ölkəmizin dünya miqyasında rolunun və payının artması”.
TRIPP layihəsinin Azərbaycan-Ermənitan münasibətlərinə gəlincə, politoloq qeyd edib ki, layihə işə başlayarsa və Zəngəzur dəhlizi aktivləşərsə, iki ölkə arasında münasibətlərin növbəti hədəfinə çatılacaq. Beləliklə, iqtisadi cəhətdən blokadaların qaldırılması məsələsi öz həllini tapmış olacaq:
“Ancaq ideoloji aspektdə həllini tapmamış məsələlər hələ ki yarımçıq qalacaq. Bu isə sülh müqaviləsinin imzalanması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki ən vacib problemi həll edəcək. Eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasından başqa, xarici dairələrin Cənubi Qafqaza təsirlərinin də müəyyən mənada azalmasına səbəb olacaq”.
Politoloq həmçinin TRIPP layihəsinin tətbiqindən sonra ABŞ-ın Cənubi Qafqazda rolu ilə bağlı bu sözləri qeyd edib:
“ABŞ son 100 ildə Cənubi Qafqazda təsir nöqtəsi əldə etmək üçün bir çox işlər görməkdədir. Lakin əvvəllər Sovet İttifaqının mövcudluğu, sonra isə Cənubi Qafqaz dövlətlərinin müstəqilliyini qazanması, onların müstəqil xarici siyasət yeritmələri və bu siyasəti yenə də davam etmələri bölgədə təsir rıçaqlarını qoruyub saxlamağı bacaran İran-Rusiya tərəflərinin və Azərbaycan-Türkiyə müttəfiqliyi fonunda hazırda regionun əsas hərbi siyasi gücünə çevrilən bu müttəfiqlik ABŞ-ın planlarını əngəlləməkdədir. Ona görə də TRIPP layihəsi aktivləşsə belə, ABŞ-ın Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilməsindən danışmaq hələ tezdir. Dəyişən qlobal ab-havanı nəzərə aldıqda görmək mümkündür ki, ABŞ gələcəkdə də Cənubi Qafqazda birmənalı söz sahibinə çevrilə bilməyəcək. Amma, xüsusən TRIPP layihəsinin icrası və Zəngəzur dəhlizinin “Tramp yolu” sayəsində işə düşməsi faktoru ABŞ-a müəyyən dvidendlər verəcək ki, ən azında Ermənistan üzərindən Cənubi Qafqazın siyasi həyatında müyyən təsirlər əldə etsin. Lakin bu, ikinci və üçüncü dərəcəli bir məsələdir”.
Ariz Həsənoğlu

