Məlumdur ki, oktyabrın 30-da Cənubi Koreyada ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında görüş keçiriləcək. Tramp–Si Cinpin görüşü mövcud tarif rüsumlarına və iqtisadi rəqabət mühitinə necə təsir göstərə bilərmi?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli Yeniera.az-a açıqlamasında bildirib ki, əsas məsələ bu görüşdə alınacaq qərarlardan asılıdır.
Onun sözlərinə görə, Amerikanın nadir metallarla əlaqədar öz qayğıları var:

“Bundan başqa, Amerika investisiyalarının Çin bazarındakı fəaliyyəti ilə əlaqədar narahatlıqları da mövcuddur. Bu narahatlıqlar Çində də var. Çin Amerika bazarında sıxışdırılmasını, əlavə tariflərin qoyulmasını istəmir. İki nəhəng dövlət rəsmiləri arasındakı görüşün nəticələri uğurlu olsa, tarif rüsumları artırılmayacaq və ticarətin indiki templə artımı davam edəcək. Görüş neqativ yekunlaşdığı halda isə, bu, dünya ticarəti üçün risklər yarada və gərginliyi artıra bilər.
Eyni zamanda görüş uğurla nəticələnsə, neft qiymətlərinə artırıcı təsirlər də göstərə bilər. Neqativ bitdiyi halda isə qızılın qiyməti kəskin artar və neft qiymətləri kəskin düşə bilər. Göründüyü kimi, müxtəlif ssenarilər mümkündür. Ona görə də hər şey görüşün necə nəticələnməsindən asılı olacaq”.
Ariz Həsənoğlu
