ABŞ prezidenti Donald Tramp ABŞ-ın 30 ildən artıqdır dayandırdığı nüvə silahı sınaqlarının bərpası barədə göstəriş verib.
Yeniera.az xəbər verir ki, o, qərara əsas kimi Rusiya və Çin kimi ölkələrin sınaq proqramlarında irəliləyişini göstərib.
Tramp, sosial mediada qeyd edib: “Digər ölkələrin həyata keçirdiyi sınaq proqramları səbəbilə, Müharibə Nazirliyinə nüvə silahı sınaqlarımıza bərabər şəkildə başlaması təlimatını verdim”.
Yazı Trampın Cənubi Koreyada Çin prezidenti Si Cinpinlə görüşündən əvvəl dərc edilib.
Tramp sınaqların necə keçiriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb, lakin prosesin dərhal başlayacağını bildirib.
Xatırladaq ki, ABŞ-ın sonuncu nüvə sınağı 1992-ci il sentyabrın 23-də Nevada ştatında “Divider” kod adlı yeraltı obyektdə keçirilib. Los Alamos Milli Laboratoriyasının məlumatına görə, bu, ölkənin 1054-cü nüvə sınağı olub.
Nevada Sınaq Sahəsi bu gün də ABŞ hökuməti tərəfindən idarə olunur. “Smithsonian” İnstitutunun Nüvə Elmi və Tarixi Muzeyinə görə, zəruri olarsa, əraziyə yeni nüvə sınağı icazəsi verilə bilər.
Yeganə

